Qurandakı hekayətləri oxuyarkən mühüm bir İlahi hökmün hər dövrdə qüvvədə qaldığını görürük. Allah`ın göndərdiyi elçini yalan sayan və ona qarşı müharibə elan edən cəmiyyətlər məhv edilmiş, elçiyə tabe olan insanlar isə haqq dinin gətirdiyi maddi bolluğu və mənəvi səadəti yaşamışlar.
Elçidən sonra gələn dövrdə isə bəzi cəmiyyətlər onlara aşkar təbliğ edilmiş olan haqq dini tez tərk edərək şirkə və inkara düşmüşlər, fitnə və fəsad çıxararaq, adətən, öz əlləri ilə öz aqibətlərini hazırlamışlar.
Qeyd edilən qayda, əlbəttə ki, axırzaman üçün də öz qüvvəsində qalacaqdır. Peyğəmbərimiz (s.ə.v) hz. İsanın ölümü və Qızıl Əsrdən sonra qiyamət saatının gələcəyini belə bildirmişdir:
“Ondan (hz. İsadan) sonra qiyamətin qopması an məsələsi olacaqdır”. (“Ramuz əl-əhadis”, 1/1336)
“Ondan (hz. İsadan) sonra qiyamət qopacaq”. (“Ramuz əl-əhadis”, 28/5948)
Şübhəsiz, axırzaman və Qızıl Əsr bəşəriyyətə axırıncı xəbərdarlığın tam mənası ilə olacağı dövrdür. Bəzi hədislərdə bu dövrdən sonra artıq dünyada xeyirli bir şey qalmayacağı vurğulanır. Belə aydın olur ki, hz. İsanın ölümündən çox qısa bir müddət sonra dünyanın bütün xalqları Qızıl Əsrin gətirdiyi maddi rifah şəraitində azğınlaşacaq, haqq dini tamamilə tərk edəcəklər. Qiyamət saatı da belə bir şəraitdə, qəfildən gələ bilər. Əlbəttə, ən doğrusunu Allah bilir.
Şübhə yoxdur ki, Allah zamandan və məkandan uzaqdır. İnsan isə zamana və məkana tabedir. Bu aydın olan həqiqət belə bir mənaya gəlir ki, bizim üçün keçmiş, indi və gələcək olanlar Allah dərgahında ancaq bir andır. Hər şey Onun dərgahında bircə anda olub qurtarmışdır. Allah dünyanın yaradılmasından qiyamətə qədər hər şeyi çox incə detallarına qədər nizamlamış, ən kiçiyindən ən böyüyünə qədər hər hadisə “Lövhi-məhfuz” adlı kitabda qeyd edilmişdir. Allah`ın yaratdığını qədər çərçivəsində hər hadisənin yeri və zamanı bütün təfərrüatı ilə müəyyən edilmişdir. Bu həqiqət ayədə “Hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz biləcəksiniz” (“Ənam”, 6/67) şəklində ifadə edilir. Bu müddət elə qəti ölçülərlə müəyyən edilmişdir ki, nə bircə an gecikdirilə bilər, nə də bircə an qabağa salına bilər
Əlbəttə, qiyamət əlamətləri və axırzamanla bağlı hadisələrin gerçəkləşəcəyi zamanlar da saniyəsinə qədər Allah`ın dərgahında qeyd edilmişdir. Səmimi olaraq Allah`a iman gətirən möminlər qədəri (taleyi) təqib etmələrinin fərqində olaraq əsrlər boyu qiyamət əlamətlərinin çıxışını böyük maraq və həyəcanla gözləmişlər. Ayə və hədislərdəki işarələrin üstündə dərin-dərin düşünmüşlər, axırzamanın ilk dövründəki fitnə və bəlalara qarşı hazır olmağa səy göstərmişlər. Bununla yanaşı, müjdələndikləri Qızıl Əsrdə yaşamağı da ürəkdən arzu etmişlər.
Əlinizdəki kitab boyu incələnən ayə və hədislər də bəhs edilən Allah`ın vədləri ilə əlaqəli bəzi həqiqətləri aydın şəkildə ortaya qoyur. İçində yaşadığımız əsr qiyamət əlamətlərinin böyük hissəsinin tam mənası ilə meydana gəldiyi bir dövrdür. Hazırkı dövr qeyd edilən işarələrin ardıcıllıqla və tam təsvir edildiyi şəkildə ortaya çıxmağa başlamasına, dünya tarixində oxşarı görünməyən inkişafın ilk dəfə yaşandığına şahid olur. Heç bir şübhə yoxdur ki, bunlar Peyğəmbərimizin (s.ə.v) dövründən sonra baş verən çox əhəmiyyətli hadisələrdir. İlahinin bu işarələrini əvvəlcədən qəbul edilmiş mənfi fikirlər əsasında dəyərləndirilməsi, qulaqardına vurulması və ya yalan hesab edilməsi isə bu cür düşünənlər üçün çox böyük itkidir.
Belə aydın olur ki, XXI əsr dünya tarixində yeni bir dövrün başlanğıcıdır.
Allah`ın vədi mütləq həqiqətdir. Onun vədlərini dəyişdirə biləcək və ya buna mane ola biləcək heç kim yoxdur.
Hər mövzuda olduğu kimi, bu məsələdə də ən hikmətli və ən gözəl söz Qurandadır. Allah belə buyurur:
“Və de ki: “Həmd olsun Allah`a! O, öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“Nəml”, 27/93)