ASAN HESAB

Əvvəlki bölümdə iman gətirənlərin canlarının mələklər tərəfindən gözəlliklə alınacağından bəhs etdik. Bundan sonra hesab anı, yəni insanların bütün etdikləri əməlləri ilə Rəbbimizin hüzuruna çıxacaqları an gəlir. Qiyamətin qopması ilə birlikdə başlayan bütün hadisələr dünya tarixi boyunca yaradılmış bütün insanların yeni bir bədənlə dirildilməsi və cəhənnəm atəşinin ətrafında bir araya toplanması ilə davam edəcəkdir. Daha sonra bütün şahidlər gətiriləcək. Hər bir insanın əməl dəftəri açılacaq və hər kəs dünya həyatında etdiklərinə görə hesaba çəkiləcək. Bundan sonra Allah möminləri öz rəhməti ilə cəhənnəm atəşindən qurtararaq cənnətə daxil edəcək. Qiyamət günü və möminlərin həmin gündəki vəziyyəti Qurani-kərimdə müfəssəl şəkildə bildirilib:

Sura ilk üfürülüşlə qiyamət başlamışdır. Dünya və kainat geriyə yolu olmayan bir yoxluğa səhnə olmaqdadır. Dağlar parçalanır, dənizlər qaynadılır, səmalar yox edilir...

Surun ikinci dəfə üfürülməsi ilə birlikdə insanlar dirildilir və hesaba çəkilmək üçün bir yerə toplanır. Ən kiçik bir fərqin belə üstündən keçilmədən həyatı boyunca etmiş olduğu hər şey insanın və şahidlərin gözləri önünə gətiriləcək. Kafirlər öldürücü şəkildə xəcalət çəkməyə sürükləndiyi zaman möminlər bunun tam əksinə olaraq sevinc içində olacaqlar. Çünki Qurani-kərimdə “...O gün Allah öz peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz” (“Təhrim” surəsi, 8) buyurulur.

Allah: “Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şəhidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik”, - deyə vəd etmişdir (“Mömin” surəsi, 51).

Bu möhtəşəm səhnədə əməlisaleh möminlər bütün həyatları boyunca etdikləri əməllərin hamısının yazıldığı hesab dəftərlərini sağ tərəflərindən alacaqlar. Kitabını sağ tərəfindən alacaq insanlar Qurani-kərimdə asan hesaba çəkiləcək və cənnətə daxil olacaq insanlar kimi təqdim edilmişlər:

“Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun, mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım. Bundan belə, o, xoş güzəran içində yüksək bir cənnətdə olacaqdır” (“Haqqə” surəsi, 19-22).

Rəbbimizin onlara vəd etdiyinə qovuşmaq üzrə olan möminlər o, əbədiyyət günündə (“Qaf” surəsi, 34) həyəcanlı və şən olacaqlar. Bu vəziyyət “İnşiqaq” surəsində belə təsvir edilir:

“Kimin əməl dəftəri sağ əlinə verilmişsə, onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin yanına sevinclə qayıdacaqdır!” (“İnşiqaq” surəsi, 7-9)

Hesab bitdikdən sonra möminlər qurtuluş sevinci içində olacaqlar. Ayədə “Ora sağ-salamat və əmin-amanlıqla daxil olun” (“Hicr” surəsi, 46) buyurulur.

Bu vəziyyət bir başqa ayədə belə bildirilir:

“Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol” (“Fəcr” surəsi, 27-30).

Artıq Allah rəhmət etdiyi qullarının günahlarını da bağışlamış, pisliklərini yaxşılığa çevirmiş və onların cənnətə daxil olmasına izn vermişdir. “Cənnətə gir”, - deyə xitab edilən kəs mömindirsə, belə söylər:

“...Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi” (“Yasin” surəsi, 26-27).

Bir başqa ayədə Allah cənnət əhlinin belə müjdələyir:

“...Bu, elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər, onları ağacları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Allah onlardan, onlar da Allah`dan razıdırlar...” (“Maidə” surəsi, 119)

“Bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə görməyəcəksiniz” (“Zuxruf” surəsi, 68).

Başqa bir ayədə də Allah: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir” (“Qaf” surəsi, 31) - deyə buyurur.