De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy, möminlər Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
"Biz, həqiqətən də, hər şeyi qədər ilə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə xəbər verildiyi kimi, Allah canlı-cansız bütün varlıqları qədərləri ilə birlikdə yaratmışdır. Allah`ın təyin etdiyi qədər (tale) xaricində heç bir varlığın yaxşılığa, ya da pisliyə mane olmağa və ya əksinə çevirməyə gücü yetməz. Məhz kamil iman sahibləri də Allah`ın onlar üçün yazdıqlarından başqa başlarına heç bir şey gəlməyəcəyinin şüurunda olan insanlardır.
Bu həqiqət, əslində, möminlər üçün yaradılmış sonsuz rahatlıq qaynağıdır. Çünki yer üzündə böyük-kiçik bütün hadisələri hər cür xırdalığı ilə sonsuz bir Ağıl planlamaqdadır. Bu səbəblə, hər biri möminlər üçün ən xeyirli şəkildə baş verir.
Bu mütləq həqiqəti qavrayan kamil iman sahibləri Allah`ın sonsuz ağlı ilə təyin etdiyi qədərə qəlbən təslim olaraq yaşayırlar. Allah`ın yaratdığı bütün hadisələri dinin mənfəətinə və inananların axirətlərinə faydalı olacaq şəkildə bir hikmətlə yaratdığını bilirlər. Bir ayədə "...Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir" (Nisa surəsi, 141) şəklində bildirilməsi hadisələrin mütləq surətdə inananların lehinə nəticələnəcəyini xəbər verir. Yenə bir başqa ayədə də "... Allah Ona yardım edənlərə, mütləq yardım edər...." (Həcc surəsi, 40) şəklində bildirilmişdir. Çünki Allah iman edənlərin dostu və vəlisidir. Allah`ı vəkil edən, yalnız Ona güvənən kamil iman sahibləri dünyada və axirətdə bu köməyin mütləq özlərinə çatacağını heç bir zaman unutmazlar. Xüsusilə də ilk baxışda əleyhlərinə görünən bir vəziyyət olduğunda bu düşüncələrində qətiyyət göstərər və bunda bir xeyir olduğunu bilərlər.
Allah dünyanı insanları sınamaq üçün xüsusi bir imtahan mühiti olaraq yaratmışdır. İnsanların çoxu başlarına bir yaxşılıq, gözəllik, ya da bərəkət gəldiyində bunun Allah`dan olduğunu düşünərək Allah`a qarşı təslimiyyətli və şükür edici bir rəftar göstərərlər. Ancaq tərs kimi görünən, ya da istəmədikləri bir vəziyyətlə qarşılaşdıqlarında bu təslimiyyətli rəftarlarını dərhal itirərlər. Allah`a qarşı üsyan edib baş qaldırmağa qədər çatan bir təvəkkülsüzlük və nankorluq içərisinə girərlər. Quranda insanların bu vəziyyəti belə açıqlanmışdır:
... Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. (Şura surəsi, 48)
Kamil iman sahibləri isə "... Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (Ənbiya surəsi, 35) ayəsində verilən sirri qavramışlar. Lehinə, ya da əleyhinə kimi görünən hər hadisənin, əslində, Allah`a olan imanlarının sınanması üçün xüsusi olaraq yaradılmış olduğunu unutmazlar. Qarşılaşdıqları hadisələr nə olursa-olsun Allah`a olan təslimiyyətləri və təvəkkülləri azalmaz. Başlarına gələn və mənfi kimi görünən bir çox hadisənin axirətləri üçün son dərəcə xeyirli nəticələr meydana gətirə biləcəyini bilərlər. Çünki Allah hər hadisəni insanın görə bildiyi və görə bilmədiyi bir çox hikmətlə birlikdə yaradır. Bu həqiqət bir ayədə belə xəbər verilir:
... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)
Ayədə də diqqət çəkildiyi kimi, pislik sandığı şey insan üçün bir yaxşılığa vəsilə ola bilər. Çünki insanın başına gələn bütün hadisələri sonsuz ağıl sahibi olan Allah planlayır. İnsanın ağlı və mühakiməsi isə çox məhduddur. Bu səbəblə, insanın üzərinə düşən özünü hər ehtimalda yaxşıya çatdıracaq Allah`ın sonsuz ağlı ilə təyin etdiyi qədərə təslim olmaqdır.
Bir hadisə ilk mərhələdə şər kimi görünə bilər, amma bəlkə də Allah burada bu hadisəyə məruz qalan insanların Özünə olan təslimiyyətlərini sınayır. Və bəlkə də ikinci mərhələdə bu hadisəni böyük bir xeyirə çevirəcək. Allah`a güvənməyən insanlar ilk anda bunun bir sınaq olduğunu unudub təlaşa düşərlər. Kamil bir imana sahib olan insanlar isə həm gözəl bir rəftar göstərdikləri üçün Allah`ın rizasını qazanmış olurlar, həm də hadisənin nəticəsində mütləq bir xeyirə qovuşurlar.
Quranda kamil iman mövzusunda ən gözəl nümunələri təşkil edən peyğəmbərlərin həyatlarından müxtəlif hissələr verilmişdir. Məsələn, fironun zülmündən uzaqlaşmaq üçün Misir xalqı ilə birlikdə yola çıxan hz. Musa ilk anda heç bir qurtuluş yolunun görünmədiyi bir vəziyyətlə qarşılaşmışdır. Qarşıya keçmələrinin qeyri-mümkün göründüyü bir dəniz kənarına gəldiklərində də firon və ordusu onları izləyirdi. İlk baxışda xilas olmalarının qeyri-mümkün kimi göründüyü belə bir vəziyyətdə Allah`ın hər yaratdığında bir xeyir olduğunu qavrayanlarla tərəddüdə qapılanlar müəyyən olmuşdur. Bu hadisə Quranda belə izah edilir:
Günəş üfüqdən qalxarkən (firon öz əsgərləri ilə) onları izləməyə başladılar.
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər.
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”
Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
O birilərini də ora yaxınlaşdırdıq.
Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
O birilərini isə suya qərq etdik.
Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (Şüəra surəsi, 60-67)
Ayələrdə də xəbər verildiyi kimi, Peyğəmbərin yanındakı insanlardan bəziləri dərhal ümidsizliyə qapılmış və artıq yaxalandıqlarını demişlər. Hz. Musa isə əsla ümidsizliyə qapılmamış və Allah`dan qəti olaraq bir kömək gələcəyini unutmamışdır. Və Allah bu sınaqdan dərhal sonra bir möcüzə yaratmış, dənizin iki böyük su kütləsi şəklində ayrılmasını təmin edərək, Peyğəmbər və onun yanındakı inananların xilas olması üçün yol göstərmişdir. Sonra da firon və ordusunu bu sulara qərq etmişdir.
Allah görünüşcə qəti olaraq şər kimi görünən bir hadisəni möminlərin təslimiyyəti müəyyən olduqdan dərhal sonra xeyirə çevirmişdir.
Bu mövzudakı digər bir nümunə də Peyğəmbərimizlə (s.ə.v) əlaqədardır:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah`ın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)
Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) içində olduğu çətin şəraitlərdə təvəkkül göstərmiş və yanındakı yoldaşını da Allah`a təslimiyyətə dəvət etmişdir. Kamil iman sahibləri də özlərinə Quranda təriflənən peyğəmbərlərin əxlaqını nümunə götürərlər. Və bu yüksək əxlaqı göstərməyi hədəf seçib başlarına gələn hər çətinlikdə belə deyərlər:
… De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)