QIZIL ƏSR
qizil esr

Hz. Muhəmmədin (s.ə.v) müfəssəl şəkildə təsvir etdiyi Qızıl Əsr və bu dövrün xüsusiyyətləri də qiyamətin mühüm əlamətlərindəndir. İslam alimləri bu dövrə cənnətə oxşayan xüsusiyyətlərinə görə Qızıl Əsr adını vermişlər. Hədislərdən aydın olduğuna görə, Qızıl Əsr axırzamanın ikinci dövründə yaşanacaqdır.

Bu müjdələnmiş xəbərin gerçəkləşəcəyi dövrün mühüm xüsusiyyətlərindən biri bolluq və zənginlikdir. Qeyd edilən bolluğun tarixdə bir bənzərinin olmadığı da hədislərdə xüsusilə qeyd edilmişdir:

“Mənim ümmətim həmin dövrdə elə bir rifaha qovuşacaq ki, o günə qədər onun oxşarını qətiyyən görməmişdir...” (Sünəni-İbni Macə, 10/347)

“O vaxt ümmətimin yaxşısı, pisi, hamısı da bənzərini görmədikləri nemətlərlə nemətlənər”. (“Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman”, səh.16)

Qeyd edilən dövrdəki zənginlik başqa bir hədisdə də belə təsvir edilmişdir:

“Onun dövründə yer üzü içindəki xəzinələri xaric edəcək”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 43)

Bu mövzuda digər hədislərdə də sıxıntı və darlıq illərinin qurtaracağı, ehtiyac içində olan insanların qalmayacağı, hətta insanların sədəqə verməyə kasıb adam tapa bilməyəcəkləri xəbər verilmişdir:

“Elə bir dövr gələcək ki, insan (ayırdığı) qızıl sədəqəsi ilə hər tərəfi gəzsə də, əlindəki sədəqəsini alacaq heç bir kasıb tapa bilməyəcək”. (Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, səh. 462)

“Şübhəsiz, o dövrdə mal çoxalıb su kimi axacaq. Heç kim özünə sığışdırıb onu qəbul etməyəcəkdir”. (Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, səh. 464)

“Qızıl əsr”in maraqlı bir xüsusiyyəti də dürüstlüyün və ədalətin yayılması olacaqdır. Sıxıntı, haqsızlıq və zülmlər yerini ədalətin, hüququn keçdiyi günlərə verəcəkdir. Hədislərdəki ifadə ilə desək, yer üzündə zülm və işgəncənin yerinə ədalət dolacaqdır (“Ramuz əl-əhadis”, 7/7). Silahların susması, düşmənçiliyin, dava-dalaşların, sosial tənəzzülün qurtarması, insanlar arasında dostluq və sevgi bağının qurulması da bu dövrün bəzi xüsusiyyətlərindəndir. Müharibə sənayesinə xərclənən dəhşətli miqdardakı pul qida, səhiyyə, abadlıq, mədəniyyət sahələrinə və bütün insanların səadətini təmin etməyə istiqamətlənəcək və bu sahələrə sərmayə qoyulacaqdır.

Bu müjdələnmiş dövrün əsas xüsusiyyətlərindən biri də dinin özünə qayıtması və Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi yaşanması olacaqdır. Əslində, İslam dinində olmayan, sonradan uydurulmuş adətlər, hökmlər, xurafatlar aradan qaldırılacaqdır. Həqiqi dinin tətbiq edilməsi ilə müsəlmanların arasındakı ayrılıqlar bitəcəkdir.

Xülasə, Qızıl Əsr bolluq, xoşbəxtlik, əmin-amanlıq, sülh, səadət, zənginlik və rahatlıq şəraitinin hökm sürəcəyi, sənət, tibb, kommunikasiya, istehsal, nəqliyyat və həyatın bütün sahələrində dünya tarixində görünməmiş və yaşanmamış inkişafın olacağı, Quran əxlaqının yaşanacağı bir əsr olacaqdır.