Əksər insanların qiyamət günü haqqında qismən də olsa məlumatı var. Demək olar ki, çox adam qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardır. Buna baxmayaraq, insanlar bu cür həyati bir məsələ haqqında eyni cür hərəkət edir, yəni qiyamətlə bağlı düşünmək və ya danışmaq istəmirlər. Qiyamət saatı gələndə yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün çox səy göstərirlər. Qəzetlərdə oxuduqları bir müsibət xəbərinin və ya başqa bir bəlanı göstərən filmin onlara qiyaməti xatırlatmasına da dözə bilmirlər. Həmin günün mütləq olacağını fikirləşməkdən çəkinirlər. Bu mövzudan danışan insanlara qulaq asmaq istəmədikləri kimi, həmin böyük gündən bəhs edən yazıları da oxumaq istəmirlər. Bunlar qiyamət fikirlərinin səbəb olduğu qorxudan qaçmaq məqsədilə ərsəyə gətirdikləri üsullardan bəziləridir.
Əksər insanlar da qiyamət saatının ciddi və həqiqətəuyğun olduğuna inanmır. Bunun bir nümunəsini “Kəhf” surəsində bəhs edilən zəngin bağ sahibinin ifadələrindən də görürük:
“Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!” (“Kəhf”, 18/36)
Bu cümlələrdə Allah`a inandığını söyləyənlərin, lakin qiyamətin gerçək olduğunu düşünməyənlərin, həm də ayələrə zidd iddialar ortaya atanların beynindəki həqiqət göstərilir.
Başqa bir ayədə də qiyamət saatı ilə bağlı tərəddüd edən, şübhələnən inkarçılardan belə bəhs edilmişdir:
“Allah`ın vədi haqdır və qiyamətin qopacağına heç bir şəkk-şübhə yoxdur!” -deyildiyi zaman: “Qiyamət nədir, bilmirik! Onun ancaq bir zənn, güman olduğu qənaətindəyik. Biz əmin deyilik!” - deyə cavab verirdiniz!” (“Casiyə”, 45/32)
Bəzi insanlar qiyamət saatını tamamilə inkar edirlər. Bu cür hərəkət edənlər isə Quranda belə bildirilmişdir:
“Onlar qiyamət saatını da yalan saydılar. Biz də qiyamət saatını yalan hesab edənlər üçün şiddətli bir atəş hazırladıq” (“Furqan”, 25/11).
Həqiqəti öyrənmək məqsədilə bizə yol göstərən mənbəyimiz Qurana nəzər salanda açıq-aşkar bir həqiqətlə qarşılaşırıq. Qiyamətlə bağlı özlərini aldadan insanlar çox böyük səhv edirlər. Çünki Allah ayələrdə qiyamət saatının yaxın olduğunu və bu məsələdə heç bir şübhəyə yer olmadığını xəbər verir:
“Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...” (“Həcc”, 22/7)
“Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət saatı mütləq gələcəkdir...” (“Hicr”, 15/85)
“Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...” (“Mumin”, 40/59)
Quranın qiyamətlə bağlı mesajının üstündən 1400 ilə qədər uzun bir zamanın ötdüyünü, bu vaxtın da bir insanın həyatı ilə müqayisədə çox böyük olduğunu fikirləşənlər ola bilər. Ancaq burada bəhs edilən məsələ Yer kürəsinin, Günəşin, ulduzların, qısası, bütün kainatın axırıdır.
Kainatın milyardlarla illik keçmişi nəzərə alınanda 14 əsrlik bir dövrün çox qısa olduğu məlumdur.
Yaxın dövrümüzün böyük İslam alimi Bədiüzzaman Səid Nursi də buna oxşar bir suala hikmətli bir oxşatma ilə belə cavab vermişdir:
“Quranda qiyamətin yaxın olduğu bildirilir. Bu qədər dövr keçəndən sonra gəlməməyi onun yaxın olduğuna zərər verməz. Çünki qiyamət dünyanın əcəlidir. Dünyanın ömrü ilə müqayisə ediləndə min və ya iki min il, bir illə müqayisədə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Qiyamət saatı ancaq bəşərin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib gec olacağı qəbul edilsin”.