BÖYÜK ŞƏHƏRLƏRİN YOX OLMASI: MÜHARİBƏLƏR VƏ BƏLALAR

Peyğəmbərimizin (s.ə.v) axırzamanla bağlı verdiyi xəbərlərdən biri də bu cürdür:

“Böyük şəhərlər dünən sanki yox imiş kimi məhv olar”. (“Kitabül-bürhan fi əlamətil Mehdiyyil-axırzaman”, səh. 38)

Hədisdə qeyd edilən böyük şəhərlərin məhvi müharibələr və başqa təbii fəlakətlər nəticəsində meydana gələn dağıntıları göz önünə gətirir.

Yaxın keçmişdə hazırlanan nüvə silahları, təyyarələr, bombalar, raketlər və buna oxşar müasir silahların müharibələrdə istifadə edilməsi böyük dağıntılara səbəb olmuşdur. Bu qorxulu silahlar tarixdəki silahlarla müqayisə edilməyəcək səviyyədə dağıntılar törətmişdir. Əlbəttə, hədəf seçilən böyük şəhərlər də bu dağıntılardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur. II Dünya Müharibəsinin tarixdə görünməyən nəticələri buna misal olaraq göstərilə bilər. Dünya tarixinin ən böyük müharibəsində atom bombasından istifadə edilməklə Xirosima və Naqasaki tamamilə yerlə-yeksan olmuşdur. Avropa ölkələrinin paytaxtları və əsas şəhərləri də ağır bombardmanlar nəticəsində çox böyük miqyasda dağıntılara məruz qalmışdır. “Britannika” ensiklopediyasında II Dünya Müharibəsinin Avropanın şəhərlərindəki dağıntılara səbəb olduğunu belə qeyd edir:

“Meydana gələn dağıntılar Avropanın çox böyük hissəsini Ayın səthinə çevirmişdi: şəhərlər bombardmanlar nəticəsində xaraba qaldı, istirahət zonaları yanıb kül oldu, yollar bombardmanların açdığı çuxurlarla doldu, dəmir yolları istifadə edilməyəcək vəziyyətə düşdü, körpülər dağıldı, limanlar batmış gəmilərlə doldu. Müharibədən sonra Almaniyanın ABŞ nüfuz dairəsinin hərbi komendantı general Lukyis D.Kleyin dediyi kimi, Berlin sanki ölülərin şəhəri kimi idi”.

Qısası, II Dünya Müharibəsinin tarixdə bənzəri görülməyən ölçülərdəki dağıntıları hədisin işarə etdiyi hadisə ilə üst-üstə düşür.

Şəhərlərin yox olmasına səbəb olan başqa bir təsir də təbii fəlakətlərdir. Statistik məlumatlar da göstərir ki, hazırda yaşadığımız dövrdə baş verən təbii fəlakətlər həm rəqəm baxımından, həm də böyüklüyünə görə daha da çoxalmışdır. Axırıncı 10 ildə baş verən iqlim dəyişikliklərinin yol açdığı fəlakətlər də bir dönüş nöqtəsi olaraq qəbul edilir. Sənaye zərərli və arzuedilməz bir məhsul olan qlobal istiləşməyə səbəb olur. Dünyanın atmosferindəki tarazlıq getdikcə pozulur və bununla da iqlim dəyişiklikləri meydana gəlir. 1998-ci il indiyə qədər qeyd edilən ən isti il olmuşdur. ABŞ-ın yerli iqlim idarəsinin məlumatlarına görə, iqlimin səbəb olduğu ən çox fəlakət 1998-ci ildə meydana gəlmişdir. Məsələn, müşahidəçilər 1998-ci ildəki Mitç qasırğasının Orta Amerikanın tarixində meydana gələn ən pis fəlakət olduğunu bildirmişlər. 2006-cı ildə meydana gələn Katrina qasırğası Nyu-Orleans şəhərini, demək olar ki, tamamilə suya batırmışdır.

Son illərdəki qasırğa, fırtına, tufan və burulğan kimi fəlakətlər başda Amerika qitəsi olmaqla, dünyanın əksər yerində dağıntı və zərərlərə səbəb olmuşdur. Bunlara əlavə olaraq, sellər də bəzi yaşayış mərkəzlərinin su və palçıq altında qalmasına yol açmışdır. Bundan başqa, zəlzələlər, vulkanlar və sunami dalğalarının vurduğu böyük dağıntılar da yaddan çıxarılmamalıdır. Nəticə olaraq, bütün bu fəlakətlərin böyük şəhərlərdə səbəb olduğu dağıntıların hamısı qiyamətin çox mühüm əlamətlərindən birini təşkil edir.