HƏZRƏTİ İSANIN YER ÜZÜNƏ DÖNÜŞÜ

Hz. İsa Allah`ın seçdiyi peyğəmbərlərdən biridir. Dünyada haqqında ən çox danışılan elçilərdəndir. Allah`a şükürlər olsun ki, əlimizdə nəyin düz, nəyin səhv olduğunu seçə bilməyimizə kömək edən bir mənbə var. Bu da Allah`ın himayəsi altındakı təhrif edilməmiş yeganə kitab olan Qurandır.

İsa peyğəmbərlə bağlı həqiqi məlumatlar əldə etmək üçün Qurana baxdığımızda qarşımıza bunlar çıxır:

“Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allah`ın peyğəmbəri, Məryəmə çatdırdığı bir sözdür” (“Nisa”, 4/171).

“Onun adı Məryəm oğlu İsa əl-Məsihdir” (“Ali-İmran”, 3/45).

“Aləmlərə bir möcüzə etdik” (“Ənbiya”, 21/91).

Hz. İsa beşikdə ikən insanlarla danışmış (“Ali-İmran”, 3/46) və çoxlu möcüzələr göstərmişdir. Onun başqa bir möcüzəsi isə yer üzünə geri qayıtması və insanlarla danışmasıdır (“Ali-İmran”, 3/49; “Maidə”, 5/110).

“İsa peyğəmbər İncili təbliğ etmişdir” (“Hədid”, 57/27).

“Onu tanrılaşdıranlar doğru yoldan azmış, küfrə düşmüşlərdir” (“Maidə”, 5/72).

“İnkarçılar onu öldürmək üçün hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi” (“Ali-İmran”, 3/54).

Allah inkarçıların hz. İsanı öldürmək istəməsinə izn verməmiş, onu Öz yanına yüksəltmişdir. Yenidən yer üzünə qayıdacağını insanlara müjdələmişdir. Hz. İsanın yer üzünə qayıtması ilə bağlı da Quranda bu xəbərlər verilir. İsa  peyğəmbəri (ə.s) öldürmək üçün tələ quran inkarçıların onu qətiyyən öldürə bilmədiklərini Allah belə xəbər verir:

““Biz Məryəm oğlu İsa əl-Məsihi öldürdük” - demələridir. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər” (“Nisa”, 4/157).

Hz. İsanın ölmədiyi, insanların yaşadığı dünyadan alınaraq Allah yanına yüksəldildiyi ayədə belə bildirilir:

“Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir!” (“Nisa”, 4/158)

“Ali-İmran” surəsinin 55-ci ayəsində hz. İsaya tabe olanların qiyamətə qədər inkar edənlərin üstündə olacaqları xəbər verilir. Günümüzdən 2000 il əvvəl hz. İsaya tabe olan həvarilərin heç bir siyasi gücə sahib olmadığı tarixi həqiqətdir. Həmin dövrlə hazırkı tarix arasında yaşayanların və özlərini xristian adlandıranların isə başda təslis (Tanrını üç qəbul etmək) inancı olmaqla, çoxlu batil inancı müdafiə etdikləri və buna görə də həqiqi mənada İsaya tabe olanlar olaraq adlandırıla bilməyəcəkləri də məlumdur. Çünki Quranın əksər ayələrində təslisə inananların inkara düşdükləri ifadə edilir. Elə isə qiyamət saatından əvvəlki bir dövrdə inkar edənlərə üstün gələcək həqiqi mənada İsaya tabe olanlar ortaya çıxacaq və “Ali-İmran” surəsindəki Allah`ın vədi də, beləliklə, təcəlli edəcəkdir. Şübhəsiz ki, bu topluluq hz. İsanın yer üzünə qayıtması ilə özünü göstərəcəkdir.

Quranda xəbər verilən başqa bir məlumat isə hz. İsanın ölümündən əvvəl bütün kitab əhlinin ona iman gətirəcəyidir:

“Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir” (“Nisa”, 4/159).

Bu ayədən aydın olur ki, Allah`ın hz. İsa ilə əlaqəli olaraq hələ həyata keçməmiş üç vədi var. Birincisi, İsa peyğəmbərin hər insan kimi yaşayandan sonra öləcəyi bildirilir. İkinci vəd bütün kitab əhlinin onu fiziki olaraq görəcəyi və ona yaşadığı müddət ərzində itaət edəcəkləridir. Şübhəsiz, bəhs edilən bu iki xəbər də hz. İsanın qiyamətdən əvvəl qayıdışında baş verəcək hadisələrdir. Ayədəki üçün xəbər isə hz. İsanın kitab əhli haqqındakı şahidliyi də qiyamət günündə olacaqdır.

Quranda hz. İsanın ölümündən bəhs edən başqa bir ayə isə “Məryəm” surəsində qeyd edilmişdir:

“Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!” (“Məryəm”, 19/33)

Bu ayə “Ali-İmran” surəsinin 55-ci ayəsi ilə birlikdə incələnəndə çox mühüm bir həqiqətə işarə edir. “Ali-İmran” surəsindəki ayədə hz. İsanın Allah`ın hüzuruna yüksəldildiyi ifadə edilir. Bu ayədə ölüm və öldürülmək məsələsi ilə bağlı heç bir məlumat verilmir. Ancaq “Məryəm” surəsinin 33-cü ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşayandan sonra vəfat etməsi ilə mümkün ola bilər.

Hz. İsanın yer üzünə qayıdacağına işarə edən başqa bir ayə isə belədir:

“Allah ona kitabı, hikməti, Tövratı və İncili öyrədəcək” (“Ali-İmran”, 3/48).

Bu ayədə qeyd edilən “kitab” kəlməsinin nəyi ifadə etdiyini başa düşmək üçün mövzu ilə bağlı digər Quran ayələrinə nəzər salanda bunu görürük: “Kitab” kəlməsi Tövrat və İncillə birlikdə eyni ayədə istifadə edilirsə, “Quran” mənasına gəlir. “Ali-İmran” surəsinin 3-cü ayəsini buna nümunə göstərə bilərik. Elə isə 48-ci ayədə hz. İsanın öyrənəcəyi bildirilən kitab da ancaq Quran ola bilər. İsa peyğəmbərin təxminən 2000 il əvvəlki həyatında Tövratı və İncili bildiyi məlumdur. Onun Quranı öyrənməsinin isə yer üzünə yenidən qayıdandan sonra olacağı aydın məsələdir.

“Ali-İmran” surəsinin 59-cu ayəsindəki “Allah yanında İsa da Adəm kimidir” ifadəsi də çox maraqlıdır. Bu ayədə iki peyğəmbər arasındakı bəzi oxşarlıqlara diqqət çəkilmiş ola bilər. Məlum olduğu kimi, həm hz. Adəmin, həm də hz. İsanın atası olmamışdır. Bundan başqa, yuxarıdakı ayə hz. Adəmin cənnətdən yer üzünə göndərilməsi hz. İsanın axırzamanda Allah dərgahından yer üzünə göndərilməsinə də oxşadılmış ola bilər (ən doğrusunu Allah bilir).

Quranda hz. İsa ilə bağlı belə bir məlumat da verilir:

“Şübhəsiz ki, (İsa) qiyamət saatı üçün bir əlamətdir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!” (“Zuxruf”, 43/61)

Hz. İsanın Quranın göndərilməsindən 6 əsr əvvəl yaşadığını hamımız bilirik. Elə isə yuxarıdakı ayədə xəbər verilən onun birinci həyatının deyil, axırzamanda qayıdışının qiyamət üçün bir əlamət olmasıdır. Hz. İsanın ikinci gəlişi həm xristian, həm də müsəlman dünyasında səbirsizliklə gözlənilir. Bu müqəddəs qonağın yer üzünü şərəfləndirməsi ilə də çox mühüm bir qiyamət əlaməti təcəlli edəcək.

Hz. İsanın yenidən dünyaya gələcəyi ilə bağlı başqa bir dəlil də “Maidə” surəsinin 110-cu ayəsində və “Ali-İmran” surəsinin 46-cı ayəsində bildirilən “kəhlən” kəlməsidir. Ayələrdə belə buyurulur:

“Xatırla ki, o gün Allah İsaya belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da (kəhlən) o adamlarla danışırdın...”” (“Maidə”, 5/110)

“O, beşikdə ikən yaşa dolduqdan (kəhlən) sonra insanlarla danışacaq və salehlərdən olacaqdır” (“Ali-İmran”, 3/46).

Bu kəlmə Quranda ancaq yuxarıdakı iki ayədə və ancaq hz. İsa üçün istifadə edilmişdir. Hz. İsanın yetkinlik çağını ifadə etmək üçün işlədilən “kəhlən” kəlməsinin mənası “otuzla əlli yaşları arasında, gənclik dövrünü bitirib yaşlılığa tərəf gedən, yaşı kamala çatmış” deməkdir. Bu kəlmə İslam alimləri tərəfindən “35 yaşdan sonrakı dövrə işarə edir” şəklində tərcümə edilir.

Hz. İsanın gənc sayılan bir yaş olan 30 yaşlarında göyə yüksəldildiyini, yer üzünə qayıdandan sonra 40 il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın yaşlılıq dövrünün yenidən dünyaya qayıdandan sonra olacağını, dolayısilə, bu ayənin hz. İsanın qayıdışı ilə bağlı bir dəlil olduğunu söyləyirlər (“Faslul-maqal fi rəfi İsa hayyən və nüzulihi və qatlihid-dəccal”, səh. 20).

Quran ayələrinə diqqətlə baxanda bu ifadənin ancaq hz. İsa üçün işlədildiyinin şahidi oluruq. Bütün peyğəmbərlər insanlarla danışıb onları dinə dəvət etmişlər. Hamısı da yetkinlik çağında təbliğ vəzifələrin yerinə yetirmişlər. Ancaq Quranda heç bir peyğəmbər üçün belə bir ifadə işlədilməmişdir. Bu ifadə ancaq hz. İsa üçün və möcüzəli bir vəziyyəti ifadə etmək məqsədilə istifadə edilmişdir. Çünki ayələrdə bir-birinin arxası ilə gələn “beşikdə” və “yetkinlik çağında” kəlmələri diqqəti iki böyük möcüzəli dövrə cəlb edir.

Hz. İsanın beşikdə ikən danışması möcüzədir. Bu, həmişə rast gəlinən bir hadisə deyil və ayələrdə bu möcüzə bir neçə dəfə qeyd edilmişdir. Bu kəlmədən sonra gələn “yetkin çağında da adamlarla danışmağı” şəklindəki ifadənin də bir möcüzə olması aydınlaşır. Əgər “yetkin çağında da” ifadəsi hz. İsanın Allah`ın dərgahına yüksəldilməmişdən əvvəlki həyatına işarə etsəydi, hz. İsanın həmin vaxt danışması heç bir möcüzə olmayacaqdı. Bir möcüzə olmadığı üçün də beşikdə ikən danışmağından sonra da bu möcüzəli hadisə ilə sinonim mənasında işlədilməzdi. Onda “beşikdən yetkin olana qədər” şəklində bir ifadə işlədilərdi ki, bu da hz. İsanın beşikdə danışmağa başlamasından göyə yüksəldilməsinə qədər davam edən təbliğini izah etmiş olardı. Ancaq ayədə iki böyük möcüzəli zamana diqqət çəkilir. Bunlardan birincisi, beşikdə ikən, ikincisi isə yetkinlik çağında danışmasıdır. Dolayısilə, möcüzəli bir zamana işarə edən “yetkin çağında da” ifadəsi hz. İsanın möcüzəli şəkildə yenidən yer üzünə qayıdandan sonrakı dövrdə, yetkin ikən insanlarla danışmasıdır.

Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi ilə bağlı məlumatlar Peyğəmbərimizin (s.ə.v) hədislərində də var. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu müjdə ilə yanaşı, hz. İsanın dünyadakı icraatları ilə əlaqəli xəbərlər də öz əksini tapmışdır. Bu məsələ hədislərin işığında əlinizdəki kitabın “hz. İsa və yalançı peyğəmbərlər” hissəsində qeyd edilmişdir (Daha ətraflı məlumat əldə etmək istəyənlər Harun Yəhyanın “hz. İsa gələcək” adlı kitabından istifadə edə bilərlər).

Bir mühüm məsələni də xatırlatmağın xeyri var. Hz. Muhəmməd (s.ə.v) Allah`ın insanlara göndərdiyi sonuncu peyğəmbərdir. Allah, Peyğəmbərimizə (s.ə.v) Quranı vəhy etmiş və qiyamət gününə qədər bütün insanların üzərinə Qurana tabe olmaq məsuliyyətini qoymuşdur. Hz. İsa da axırzamanda Allah`ın bir möcüzəsi olaraq yer üzünə gələcək. Ancaq Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, yeni bir din gətirməyəcəkdir. Peyğəmbərimiz (s.ə.v) tərəfindən bəşərə öyrədilən haqq din Quranda bildirilən İslam dinidir və hz. İsa da yer üzünə ikinci dəfə qayıdışında Qurana tabe olacaqdır.

Hz. İsa və hz. Mehdi bu əsrdə gələcək.

Hər yüz ildə bir din əxlaqını bidətlərdən təmizləmək və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi “Sünəni-Əbu Davud”, “Məktubati-Rəbbani” kimi böyük və mötəbər İslam alimlərinin əsərlərində açıq şəkildə bildirilmişdir:

“Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “Həqiqətən, Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən ayırıb yeniləyəcək (elmli) bir şəxsi göndərər””. (Sünəni-Əbu Davud, 5/100)

Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdinin (ə.s) zühuru olaraq isə hicri 1400 tarixi verilmişdir:

“İnsanlar 1400-cü ildə hz. Mehdinin (ə.s) ətrafında toplanacaqlar”. (Risalətül-xürucul Mehdi, səh. 108)

Bu 100 illik dövrdə İslam əxlaqı müəyyən bir müddət içində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mücadilə edən dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Ancaq orta hesabla 100 il çəkən bu yüksəlmə dövrünün ardından, yəni hicri 1500-cü illərdə dünya yenidən pozulma dövrünə girəcək. İslamın böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd bin Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirib insanlıq tarixinin başlanğıcı haqqında əhəmiyyətli bir məlumat vermişdir:

“Əhməd bin Hənbəl “İləl”ində nəql etdi. İsmayıl bin Əbdülkərim, Əbdüssəməddən, o da Vəhbdən rəvayət etdi: “Dünyadan 5600 il keçmişdir”. (Əli bin Hüsaməddin əl-Müttəqi, “Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman” səh. 89)

Digər tərəfdən, bir çox başqa hədislərdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar mövcuddur:

“Ənəs Malikdən təxric etdi. O dedi ki, Rəsulullah (s.ə.v) buyurmuşdur: “Dünyanın ömrü axirət günlərində yeddi gündür. Allahu-təala buyurdu ki, Rəbbin qatında bir gün sizin saydıqlarınızın min ili kimidir. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını görərsə, Allahu-təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi bu dünyanın yeddi min illik ömrü qədər savab yazar””. (Əli bin Hüsaməddin əl-Müttəqi, “Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman” səh. 88)

“Dəqqaq bin Zeydü-Cühənidən rəvayət etdilər: Mən gördüyüm bir yuxunu Rəsulullaha (s.ə.v) danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli minbərin lap üstündə idi. O buyurdu ki, bu gördüyün yeddi pilləli minbər dünyanın ömrü olan yeddi min ildir. (Əli bin Hüsaməddin əl-Müttəqi, “Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axırzaman” səh. 89)

Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi Ustad Səid Nursi həzrətləri isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü ili vermişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq-aşkar qalibiyyət dövrü olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyada yüksəliş dövrünün sona çatacağı və kafirlər üçün 1545-ci ildə qiyamət qopacağını söyləmişdir: (Doğrusunu Allah bilir).

““Ümmətimdən bir tayfa Allah`ın əmri gəlincəyədək (qiyamətə qədər) haqq üzərində olacaqlar”. “Ümmətimdən bir tayfa...” hissəsinin say dəyəri 1542 (2117) edir və varlığının sonuna işarə edir. “Haqq üzərində olacaqlar” (şəddə sayılır) hissəsinin də say dəyəri 1506 (2082) edir. Bu tarixə qədər zahir və aşkaranə, bəlkə qalibanə; sonra ta 1542-ci (2117) ilə qədər gizli və məğlubiyyət içində aydınlatma vəzifəsinə davam edəcəyinə işarə edir. “Allah`ın əmri gəlincəyədək” (şəddə sayılır) hissəsinin də say dəyəri 1545 (2120) kafirin başında qiyamət qopmasına işarə edir”. (Kastamonu lahiqəsi, səh. 33)

Böyük İslam alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni 1500-cü ildə Allah`ın izni ilə qiyamətin qopmasının gözlənildiyini ifadə etmişdir: (Doğrusunu Allah bilir).

“Bu ümmətin ömrü min ili keçəcək, fəqət min beş yüz ili keçməyəcək...” (“Qiyamət əlamətləri”, Mədinəli Əllamə Muhəmməd bin Rəsul əl-Hüseyni əl-Bərzənci, “Pamuk” Nəşriyyatı, İstanbul 2002, səh. 299)

Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədisə əsasən, Suyuti həzrətləri isə açıqlamasında belə bildirir:

“Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək”. (Suyuti, “Əl-kəşfü ən mücavəzəti-Həzihil-ümməti-əl-əlfu, əl-havi lil fətavi”, Suyuti. 2/248, “Təfsiri-ruhul-bəyan”. Bursəvi. (Ərəbcə) 4/262, Əhməd bin Hənbəl, “Kitabül-iləl” səh. 89)

Peyğəmbərimizin (s.ə.v) hədislərindən və böyük İslam alimlərinin açıqlamalarından da açıq şəkildə aydın olduğu kimi, yaşadığımız hicri 1400-cü illər hz. İsanın (ə.s) gəlişi və hz. Mehdinin (ə.s) zühur vaxtıdır. Bu əsrdə hz. İsa (ə.s) yer üzünə yenidən gələcək, hz. Mehdi (ə.s) zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.