HZ. İSA VƏ SAXTA PEYĞƏMBƏRLƏR
hz isa ve saxta

Tarix boyu bəzi yalançıların və saxtakarların peyğəmbərlik iddiası ilə ortaya çıxdığı məlum bir məsələdir. Bu cür saxtakarlar mənfəət əldə etmək üçün insanların təmiz inancından sui-istifadə etmiş və hər cür hiyləgərliyə əl atmışlar. Hədislərdə qiyamətdən əvvəl yalançı peyğəmbərlərin ortaya çıxacağına diqqət çəkilir.

“Hamısı da Allah`ın elçisi olduğunu iddia edən otuza yaxın yalançı gəlməyənə qədər qiyamət qopmayacaqdır”. (Tirmizi, “Fitən”, 43; Əbu Davud, “Məlahim”, 16)

Yuxarıdakı hədis bizə günümüzdəki vəziyyəti bildirir. Bəzi saxtakarlar müsəlmanların və xristianların inancından sui-istifadə edərək peyğəmbərlik iddiaları ilə ortaya çıxır və bəzən də böyük fəlakətlərə səbəb olurlar.

Mütəxəssislər məsih cərəyanlarının 1970-ci illərdən sonra ortaya çıxmağa başladığını və həmin illərdən sonra da sürətlə çoxaldığını ifadə edirlər.

Mövzu ilə əlaqəli aşağıdakı qeydlər yaddaşlarımızı canlandırmağa kömək üçün seçilmiş bir neçə nümunədir:

Britaniya Ensiklopediyasından: “Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı təsisatları tamamilə yandı. 33 yaşı olan “Branch Davidians” hərəkatının lideri və Məsihi David Koreş də digər 74 nəfərlə birlikdə öldü”.

“Time”dan: “Keçən həftə İsveçrədə və Kanadada Məsih adlandırılan Luis Couretin tərəfdarlarından və uşaqlarından ibarət 53 nəfər öldü. Bu iki ölkənin polisləri ölümlərin səbəbinin toplu intihar, qətliam və ya ikisinin bir qarışığı olub-olmadığını araşdırır”.

Enkarta Ensiklopediyasından: “San Mun “Moon Unification” (“Birləşdirmə”) kilsəsinin qurucusudur. 16 yaşında ikən yuxuda İsa Məsihin Tanrının yer üzündəki krallığını qurmaq üçün Munun tanrı tərəfindən seçildiyini elan etdiyini iddia etmişdir. Bu kilsə 1990-cı illərin ortalarında 2 milyondan çox üzvünün olduğunu və 100-dən çox ölkədə təşkilatlandığını iddia etmişdir. Bu kilsənin üzvləri Munu İsanın xələfi olaraq qəbul edirlər”.

“The Guardian”dan: “Ən pis məzhəb qətliamının qorxulu dəlili: Uqandada təzə qəbirlər tapıldıqca liderləri tərəfindən aldadılan fanatik bir məzhəbin 1000-ə yaxın tərəfdarının öldüyündən narahatlıq duyulur...”

CNN-dən: “Elə bir hadisə idi ki, səbəb olduğu dəhşətli dalğaları dünyanın hər tərəfinə yayıldı... Ən yeni tarixin ən pis kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən çox insan ölmüş halda Cənubi Amerika meşələrindən tapıldı. Ölənlər Cim Consun tərəfdarları idi”.

Gündəmdən düşməyən saxta peyğəmbərlərə Quran ayələrində diqqət çəkilmişdir. Bu mövzudakı bir ayədə belə buyurulur:

“Allah`a iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə vəhy olunmuşdur, mən də Allah`ın nazil etdiyi kimi bir kitab endirəcəyəm”, -deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allah`a qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə, alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” -deyəndə görəydin!” (“Ənam”, 6/93)

Ayənin davamında da bildirildiyi kimi, bu insanlar uydurduqları yalanın əvəzini mütləq görəcəklər.

Şübhəsiz, bu yalançı peyğəmbərlərin yalanlarının tamamilə aydın olacağı günlər yaxındır. Çünki Peyğəmbərimiz (s.ə.v) yalançılardan sonra hz. İsanın geri qayıdacağını da müjdələmişdir.

Hz. İsanın yer üzünə qayıtmasının Quranda xəbər verilməsindən, bunun həm müsəlmanlar, həm də xristianlar tərəfindən həsrətlə gözlənilməsindən əvvəlki səhifələrdə bəhs etmişdik. Hz. İsanın yenidən dünyaya gəlişi ilə əlaqəli Peyğəmbərimizin (s.ə.v) də çoxlu hədisi var. İslam alimlərindən Şövqani hz. İsanın qayıtması ilə bağlı 29 hədisin olduğunu, bu hədislərdəki məlumatların da səhv olmaq ehtimallarının olmadığını bildirmişdir. (Sünəni-İbni Macə, 10/338) (Mövzu ilə əlaqədar daha ətraflı məlumat üçün baxın: “Hz. İsa ölmədi”, Harun Yəhya)

Qeyd edilən hədislərlə bizə çatan çox mühüm bir xəbər də var. Hz. İsanın qayıtması axırzamanın ikinci mərhələsi və qiyamətin böyük bir əlaməti olacaqdır. Bu mövzuda bəzi hədislərdə belə buyurulur:

“On böyük əlamət baş verməyənə qədər qiyamət qopmayacaqdır... İsa bin Məryəmin çıxması...” (Sünəni-İbni Macə, 10/293)

“Həyatım əlində olan Allah`a and olsun ki, Məryəmin oğlunun (İsa əleyhissalam) sizin içinizə ədalətli hakim olaraq enməsi, şübhəsiz ki, yaxındır”. (Səhihi-Müslim, 6/532)

“İsa bin Məryəm adil bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq gəlməyənə qədər qiyamət qopmayacaqdır”. (Sünəni-İbni Macə, 10/340)

Peyğəmbərimiz (s.ə.v) hz. İsanın gəlişindəki icraatlarını da belə ifadə etmişdir:

“İsa adil bir imam və hakim olaraq yer üzündə qırx il qalacaqdır”. (“Quran və sünnədə qiyamət və axirət”, səh. 134)

“İsa bin Məryəm gələr, qırx il Allah`ın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər”. (“Axırzaman Mehdisinin əlamətləri”, səh. 92)

“İsa bin Məryəm mənim ümmətimin içində ədalətli bir hakim və (idarəçilikdə) adil bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcəkdir... Qab su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaqdır. Din birliyi də olacaq, artıq Allah`dan başqasına ibadət edilməyəcəkdir”. (Sünəni-İbni Macə, 10/334)

“O, (Hz. İsa) xaçı qıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək. Mal (o qədər) çoxalacaq ki, heç kim onu qəbul etməyəcəkdir”. (Sünəni-Tirmizi, 4/93; “Quran və sünnədə qiyamət və axirət”, səh. 133)

Belə aydın olur ki, hz. İsa qayıtmağı ilə yanaşı, təslis (üçləmə) kimi bütpərəst etiqadları, xaç, ruhbanlıq kimi batil davranışları, donuz əti yemək kimi haram feilləri aradan qaldıracaq, xristian dünyasını səhv yoldan qurtaracaq, bütün insanları Quranda bildirilən haqq dini və üstün əxlaq modelini yaşamağa çağıracaqdır. Bu mərhələdə üzərində durmağın lazım olduğu bir nöqtə var. Ayə və hədislərdə hz. İsanın axırzamanda yer üzünə qayıdacağı heç bir şübhəyə yer verilməyəcək şəkildə müjdələnmişdir. Digər tərəfdən, günümüzdəki bəzi müsəlmanlar mövzu ilə bağlı açıq-aşkar olan dəlillərə əhəmiyyət vermir, bəziləri də hz. İsanın hz. Muhəmməddən (s.ə.v) sonra gəlməsinin mümkün olmadığını iddia edirlər. Bu cür fikirdə olan müsəlmanların mövzu ilə bağlı ayə və hədisləri səmimi və əvvəlcədən qəbul edilmiş heç bir mənfi düşüncəyə sahib olmadığı halda, tədqiq etmələri gərəkir. İkincisi, hz. Muhəmmədin (s.ə.v) son peyğəmbər olmaq həqiqəti ilə hz. İsanın yer üzünə qayıtmağı arasında heç bir ziddiyyət yoxdur. Çünki hz. İsa ikinci dəfə yer üzünə gələndə yeni bir din gətirməyəcək, Quranın və peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) təbliğ etdiyi haqq dinin hökmlərinə tabe olacaqdır. Böyük İslam alimlərindən biri olan İmam Rəbbani hz. İsanın Peyğəmbərimizin (s.ə.v) yoluna tabe olacağını (Məktubati-Rəbbani, 2/1309) bildirmişdir. İmam Nəvəvi hz. Muhəmmədin (s.ə.v) yolunu tətbiq etmək üçün gələcəyini (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 64) ifadə etmişdir.

Bu mövzuda Qazi İyaz da hz. İsanın İslamın hökmləri ilə hökm verəcəyini və xalqın tərk etdiyi dini tətbiqatları ilə yenidən canlandıracağını (Sünəni-İbni Macə, 10/338) söyləmişdir. Bərzəncinin kitabında isə bu həqiqət belə xəbər verilir: “Hz. Muhəmmədin (s.ə.v) şəriəti üzərinə hökm verəcək, özü peyğəmbər olduğu halda, peyğəmbərə tabe olacaq və Muhəmmədin (ə.s) ümmətindən olacaq...” (Qiyamət əlamətləri, səh. 243)

Keçən əsrin ən böyük alimlərindən olan Bədiüzzaman Səid Nursi də “Risaleyi-Nur” külliyatında bu mövzu ilə bağlı çox maraqlı açıqlamalar gətirmişdir. Bədiüzzamanın təhlillərinə görə, hz. İsa axırzamanda cismani olaraq yer üzünə qayıdacaq, maddiyyatçı və təbiətçi fəlsəfə cərəyanlarından törəyən inkarçılarla mübarizə aparacaq. Onun rəhbərliyində xristianlıq və müsəlmançılıq birləşərək güclü dinsizlik cərəyanını tamamilə aradan qaldıracaq. Xristianlığı boş inanclardan, azğınlıqlardan, xurafatlardan təmizləyəcəkdir. Xristianların Qurana tabe olmalarını təmin edəcəkdir. Bədiüzzaman Peyğəmbərimizin (s.ə.v) bu müjdələri hər şeyə gücü çatan Allah`ın sözünə əsaslanaraq verdiyini, buna görə də gerçəkləşəcəyinin mütləq olduğunu bildirmişdir.

Bu yerdə ağlımıza gələn çox mühüm bir sual da hz. İsanı necə tanıyacağımızdır. Əlbəttə, Quranda bəhs edilən peyğəmbərlərin müştərək xüsusiyyətlərinə sahib olması onun ən aydın əlaməti olacaqdır. Bununla yanaşı, onun həqiqi İsa Məsih olduğunun mühüm bir fiziki əlaməti də var. Hz. İsa ikinci dəfə gələndə onu əvvəllər gördüyünü, tanıdığını, keçmişini bildiyini söyləyə biləcək heç kim ortaya çıxmayacaqdır. Onun fiziki xüsusiyyətlərini, simasını, ya da səs tonunu bilən bircə nəfər də olmayacaqdır. Dünyada bircə adam da “mən onu əvvəlcədən tanıyıram, filan vaxtı görmüşdüm, onun ailəsi və yaxınları filankəslərdir” kimi bir iddiada ola bilməyəcəkdir. Çünki onu tanıyan bütün insanlar bundan təxminən 2000 il əvvəl yaşamış və ölmüşdür. Anası hz. Məryəm, hz. Zəkəriyyə, onunla illərini keçirmiş həvariləri, dövrün yəhudi rəhbərləri və şəxsən hz. İsadan təbliğ alan insanların hamısı vəfat etmişdir. Dolayısilə, ikinci dəfə yer üzünə gələndə onun doğulmasına, uşaqlığına, gənclik illərinə və yetkinliyinə şahid olan bir insan da olmayacaqdır. Onun haqqında heç kim heç nə bilməyəcəkdir.

Kitabın əvvəlki hissələrində qeyd etdiyimiz kimi, hz. İsa Allah`ın “Ol!” əmri ilə atasız olaraq dünyaya gəlmişdir. Aradan əsrlər keçəndən sonra da onun bilinən heç bir qohumunun olmaması çox təbiidir. Allah hz. İsanın bu vəziyyətini Quranda hz. Adəmin yaradılışına oxşatmış və belə demişdir:

“Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “Ol!” -dedi, o da oldu”. (“Ali-İmran”, 3/59)

Ayədə də bildirildiyi kimi, Allah hz. Adəmə: “Ol!” -demişdir və hz. Adəm yaradılmışdır. Hz. İsanın ilk yaradılışı da Allah`ın: “Ol!” -deməsi ilə baş vermişdir. Hz. Adəmin anası və atası yoxdur; hz. İsanın birinci dəfə dünyaya gəlməyində isə təkcə anası hz. Məryəm var. İkinci dəfə dünyaya gələndə isə onun anası da olmayacaqdır.

Şübhəsiz ki, bu vəziyyət tez-tez ortaya çıxan “saxta Məsih” təhlükəsini də tamamilə aradan qaldırır. Hz. İsanın yer üzünə yenidən gəlişində onun hz. İsa olduğuna şübhə ediləcək heç bir vəziyyət olmayacaqdır. Heç kim: “Bu adam hz. İsa ola bilməz”, -deyə bilməyəcək və buna da heç bir səbəb tapmayacaqdır. Çünki hz. İsa dünyadakı bütün digər insanlardan seçilə biləcək bu çox mühüm xüsusiyyətlə, yəni yer üzündə onu tanıyan bircə adamın da olmaması ilə dərhal tanınacaq. Nəticə olaraq, bura qədər qeyd edilən məlumatlar hz. İsanın gəlişinə və edəcəkləri ilə əlaqəli Allah`ın vədlərinin çox yaxın olduğunu düşündürür. Şübhəsiz ki, bizim üzərimizə düşən vəzifə əsrlərdir həsrətlə gözlənən bu mübarək insanı ən gözəl şəkildə qarşılamağa hazırlaşmaqdır.