Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.
Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Lakin bunu açıqlamağa heç ehtiyac yoxdur. Təkamülçülər hələ hüceyrə səviyyəsinə çatmadan çıxılmaz vəziyyətə düşürlər. Çünki hüceyrənin əsasını təşkil edən zülalların təsadüfən sintezlənmə ehtimalı riyazi cəhətdən “sıfır”dır.
Bunun ən əsas səbəbi budur ki, bir zülalın əmələ gəlməsi üçün başqa zülallar da olmalıdır. Bu səbəb bir zülalın təsadüfən əmələgəlmə ehtimalını tamamilə aradan qaldırır. Ona görə, təkcə bu fakt təkamülçülərin təsadüf iddiasını təkzib etmək üçün kifayətdir. Mövzunun əhəmiyyətini qısaca açıqlayaq:
1. Fermentlər olmasa, zülal sintezlənə bilməz, fermentlər də zülaldır.
2. Bircə zülalın sintezlənməsi üçün 100-ə yaxın hazır zülal olmalıdır. Ona görə, zülalların olması üçün zülallar lazımdır.
3. Zülalları sintezləyən fermentləri DNT hazırlayır. DNT olmasa, zülal sintezlənə bilməz. Ona görə, zülalların əmələ gəlməsi üçün DNT də lazımdır.
4. Zülal sintezləmə prosesində hüceyrədəki bütün orqanoidlərin mühüm funksiyaları var. Yəni zülalların əmələ gəlməsi üçün tam funksional hüceyrə bütün orqanoidləri ilə birlikdə mövcud olmalıdır.
Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.
Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş zülalların (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. San-Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü professor Lesli Orqel “Scientific American” jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:
Son dərəcə kompleks quruluşlara sahib olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda, təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır. (Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, oktyabr 1994, səh. 78)
Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə yaradıldığını qəbul etmək lazımdır.
Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.