Qiyamət əlamətləri ilə əlaqəli hədislər bizə bəhs edilən işarələrin baş verəcəyi dövrün müfəssəl şəkildə təsvirini təqdim edir. Peyğəmbərimizin (s.ə.v) sözlərindən aydın olur ki, axırzamanın birinci mərhələsi görünüşdə dinin prinsiplərinin yerinə yetirildiyi, ancaq həqiqətdə Allah`ın dininin və Quran əxlaqının haradasa tamamilə tərk edildiyi bir dövrdür. Aydın olan Quran ayələrinin görməzlikdən gəlindiyi, Allah`ın adından hökmlər verilən, dində ayrı-seçkiliyin baş alıb getdiyi, ibadətlərin başqalarına göstərmək üçün yerinə yetirildiyi, dinin mənfəət, qazanc məqsədi üçün və alət olaraq istifadə edildiyi bir dövrdür. İmanın elmə və tədqiqatlara deyil, təqlidçiliyə əsaslanması da bu dövrün bir xüsusiyyətidir. Bu dövrdə yalançı müsəlmanlar çoxluqda, həqiqi alimlər və səmimi müsəlmanlar isə azlıqdadır.
Peyğəmbərimiz (s.ə.v) tərəfindən günümüzdən 14 əsr əvvəl xəbər verilən və hamısı içində olduğumuz əsr də nöqsansız olaraq yaşanan əlamətlər bunlardır:
Quranda bildirildiyinə görə, Peyğəmbərimiz (s.ə.v) axirət günü öz xalqının Quranı tərk edilmiş (bir kitab) kimi tərk etdiyini (“Furqan”, 25/30) ifadə edəcəkdir. Hədislərdə və axırzamanda insanların Quranın rəhbər olduğu xüsusiyyətini unudacaqları və Qurandan uzaqlaşacaqları belə bildirilmişdir:
“İnsanlara bir vaxt gələcək ki, Qurani-kərim bir vadidə, insanlar başqa bir vadidə olacaqlar”. (“Son zamanlarla bağlı hədislər”, səh. 23)
“İnsanlara elə bir dövr gələcək ki, Qurani-kərimin ancaq rəsmi, İslamın ancaq adı qalacaqdır. Onlar İslamdan çox uzaq insanlar olduqları halda, islami adlarla adlandırılacaq, məscidlər gözəl göründüyü halda, hidayət yönündən xarab olacaqdır”. (“Son zamanlarla bağlı hədislər”, səh. 24)
“Cümə” surəsinin 5-ci ayəsində “Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər” təşbehi edilmişdir. Şübhəsiz ki, bu ayədə müsəlmanlar tənbeh edilir, eyni pis səhvə yol verməmələri üçün diqqətli olmalarının lazımlılığı xatırladılır. Çünki Quran nəsihət almaq və üzərində fikirləşmək üçün göndərilmiş bir kitabdır.
Peyğəmbərimiz (s.ə.v) Quranın oxunmasına baxmayaraq, içindəki elmi və hikməti üzərində düşünməmələrinin axırzamanın bir xüsusiyyəti olduğunu belə ifadə etmişdir:
Peyğəmbər (s.ə.v) belə buyurdu: “Elm insanlardan alınacaq”. Ziyad soruşdu: “Ey Allah`ın Rəsulu, biz Quranı oxuduq və oxuyuruq, xanımlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?” Peyğəmbər (s.ə.v) belə cavab verdi: “Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdurmu? Onlar da çox Tövrat və İncil oxumuşdular. Hanı, onlarda bundan bir şey qaldımı?” (“Ölüm, qiyamət və diriliş, səh. 483)
“Bundan sonra bəzi Quran oxuyan, lakin oxuduqları dillərində qalan, ürəklərinə gedib çatmayan insanların törəyəcəyi bir zaman gələcəkdir”. (“Son zamanlarla bağlı hədislər”, səh. 61)
“Ənam” surəsinin 26-cı ayəsində insanları Qurandan uzaqlaşdıranlara diqqət çəkilir. Hədislərdən də azğın mütəfəkkirlərin, haqq və həqiqətdən uzaq sistemlərin qiyamətdən əvvəl insanları Allah`ın yolundan azdıracaq böyük fitnələr meydana gətirəcəyi aydın olur.
“Qiyamətdən əvvəl qaranlıq gecələr kimi fitnələr var”. (“Ramuz əl-əhadis”, 121/5)
“Qiyamətə yaxın dövrdə qaranlıq gecələrin hissələri kimi qarışıqlıqlar olacaq. Bu qarışıqlıqlar içində adam səhər mömin olub axşam kafir olacaq, axşam mömin olub səhər kafir olacaq”. (“Quran və sünnədə qiyamət və axirət”, səh. 155)
Haram və halal işləri Allah Quranda nöqsansız olaraq bildirdiyi halda, əslində, dində olmayan qayda-qanunların və hökmlərin ortaya çıxması da bir qiyamət əlamətidir...
“Haram olan şeylərin halal hesab edilməsi... qiyamət əlamətlərindəndir”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, səh. 454)
Axırzamanda alim adlandırılan bəzi insanların həqiqətdə ikiüzlü və saxtakar olduqlarını Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) belə xəbər vermişdir:
“Axırzamanda qurd oxuyanlar olacaqdır. Kim həmin dövrə yetişərsə, şərlərindən Allah`a sığınsın. Onlar çox iylənmiş insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya və təkəbbürdən utanmayacaqlar”. (“Ölüm, qiyamət və diriliş, səh. 470)
“Alimlər elmi ancaq pul qazanmaq üçün öyrənəndə... dini dünya mənfəəti əvəzində satanda... hökmü satanda... qiyamət yaxınlaşacaqdır”. (“Ölüm, qiyamət və diriliş, səh. 480)
“Axırzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətləri əvəzində satacaqlar. Bunlar yumşaq görünmək üçün qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi qatı olacaqdır”. (Tirmizi, “Zühd ”, 60)
İslamın qayda-qanunlarına lazım olan hörməti və diqqəti göstərməyən, dini şəxsi mənfəətlərinə uyğun olaraq vasitə kimi istifadə etməkdən çəkinməyən insanların vəziyyətindən də belə bəhs edilmişdir:
“Ümmətimin axır dövrlərində məscidlərini bəzəyib ürəklərini xarab saxlayan, paltarını qoruduğu qədər dinini qorumayan, dünya işlərinin yolunda getmək uğrunda dinini vasitə etməyə fikir verməyən bəzi insanlar törəyəcək”. (“Son zamanlarla bağlı hədislər”, səh. 25)
Yaxşılığın tövsiyə edilməsi və pisliyin qarşısının alınması Allah`ın vacib bir əmri olduğu bilindiyi halda, onun yerinə yetirilməməsi də qiyamətin yaxınlaşmasının bir işarəsidir:
“Yaxşılıq tərk edilib əmr edilməyəndə, pislik edilib qarşısı alınmayanda... qiyamət yaxınlaşacaqdır”. (“Ölüm, qiyamət və diriliş, səh. 480)
“Qiyamət yaxınlaşır, xeyirli işlər azalır”. (“Qiyamət əlamətləri, səh. 264)
Səmimi müsəlmanların günahkarların təzyiqi altında zəifləməsinin qiyamətin bir əlaməti olduğu hədisdə belə bildirilmişdir:
“(Qiyamətin bir əlaməti) məscidlərin içində günahkarların səslərinin yüksəlməsi və günahkarların əmr etdiklərini yerinə yetirən səmimi möminlərin üzərində qalib gəlib onlara hökm etmələridir”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri”, səh. 450)
Peyğəmbərimizin (s.ə.v) verdiyi bir xəbər də axırzamanda həqiqi möminlərin sayının hardasa yox deyiləcək qədər az olmasıdır: “İnsanlara elə bir zaman gələcək ki, məscidlərdə yığışıb namaz qılarlar. Ancaq aralarında mömin olmaz”. (“Son zamanlarla bağlı hədislər”, səh. 17)
Səmimi möminlərin inancını gizlətməsinin və ibadətlərini gizli davam etdirməsinin hədisdəki təsviri belədir:
“Bu gün sizin aranızda münafiqlərin gizli yaşadıqları kimi bir dövr gələcək ki, mömin olanlar da digərlərinin arasında gizli olaraq dini həyatlarını davam etdirməyə çalışarlar”. (“Son zamanlarla bağlı hədislər”, səh. 9)
Məscidlərin ancaq yol kimi istifadə edilən məkanlara çevrilməsinə işarə verən bir hədisdə deyilir:
“Məscidlər namaz qılınmayıb gəlib-gedilən bir yol halına gəldiyi... bir zaman gəlməyənə qədər qiyamət qopmaz”. (“Son zamanlarla bağlı hədislər”, səh. 87)
Axırzamanda Quranı Allah`ın razılığını qazanmaq üçün deyil, qazanc əldə etmək üçün oxuyan insanların da ortaya çıxacağı hədisdə belə qeyd edilmişdir:
“Kim Quran oxuyarsa, (mükafatını) Allah`dan istəsin. Çünki son dövrlərdə Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar törəyəcək”. (“Son zamanlarla bağlı hədislər”, səh. 9)
Quranın ancaq həzz almaq üçün, adətən, bir mahnı kimi oxunmasına da bir işarə edilib:
“Qurani-kərimin mahnı oxunduğu kimi oxunub həzz alındığı, hətta insan alim olmadığı halda, bu cur oxuduğuna görə etibar gördüyü vaxt...” (“Son zamanlarla bağlı hədislər”, səh. 31)
Müsəlman olaraq tanınan bəzi şəxslərin fərqli bir qədər (tale) anlayışına malik olması, bəzilərinin də ulduzların gələcəklə bağlı xəbər verdiyinə inanması axırzamanın əlamətlərindəndir.
“Axırzamanda ümmətim haqqında ən çox qorxduğum... ulduzlara (inanmaq), qədəri yalan saymaq...” (“Ramuz əl-əhadis”, 1/1540)
Faiz Allah`ın haram olduğunu qəti olaraq bildirdiyi bir hərəkət olmasına baxmayaraq, onun açıq-aşkar tətbiq edilməsinin bir əlamət olduğu hədisdə belə bildirilmişdir:
“Qiyamətin əlamətlərindəndir... faizin aşkar olması”. (“Ramuz əl-əhadis”, 448/8)
“İnsanlara elə bir dövr gələr ki, faiz yeməyən adam qalmaz. Onu yeməsə də, tozu mütləq bulaşar”. (“Ramuz əl-əhadis”, 360/8; 503/7)
Həcc ziyarətinin yerinə yetirilmə məqsədinin gəzmək, ticarət etmək, özünü başqalarına göstərmək və ya dilənmək olması axırzamanın başqa bir işarəsidir:
“İnsanlara elə bir dövr gələcək ki, zənginlər səyahət üçün, orta səviyyəli insanlar ticarət üçün, onların alimləri riya və göstəriş üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər”. (“Ramuz əl-əhadis”, 503/8)