ELM VƏ TEXNOLOGİYA
elm ve texnologiya

Bəlli olduğu kimi, hz. Muhəmməd (s.ə.v) günümüzdən 14 əsr əvvəl yaşamışdır. Tarixi mənbələr ərəb cəmiyyətinin Quranın təbliğ edildiyi dövrdə kainat və təbiət üzərində hər hansı bir araşdırma apara biləcək texnologiyaya sahib olmadığını göstərir. Qeyd etdiyimiz bu ifadələrin mənası budur ki, Peyğəmbərimizin (s.ə.v) yaşadığı dövrlə əsrimizin elm və texnologiya səviyyəsi arasında müqayisə edilə bilməyəcək bir fərq var. Əslində, bu fərqlər XX əsrin əvvəli ilə XXI əsrin başlanğıcı arasında da böyükdür. Bundan bir neçə on il əvvəl adları da tələffüz edilməyən texnologiya sahəsindəki bəzi yeniliklərin bu günümüzün əvəzedilməz ünsürləri olması buna canlı dəlildir. Bu möhtəşəm fərqlərə baxmayaraq, Peyğəmbərimiz (s.ə.v) VII əsrdə gələcəklə bağlı bəzi xəbərlər vermişdir. Sonrakı səhifələrdə də axırzamandakı elm və texnologiya şəraitini təsvir edən hədislər qeyd ediləcək, Peyğəmbərimizin (s.ə.v) 14 əsr əvvəl verdiyi xəbərlərin günümüzdə eynilə gerçəkləşdiyi göstəriləcəkdir.

Tİbb texnologİyası

Uzun müddət yaşamaq əsrlər boyu insanların əsas hədəflərindən biri olmuşdur. Bu yolda böyük əmək sərf edilmişdir. Mövzu ilə bağlı olaraq hz. Muhəmməd (s.ə.v) də axırzamandakı inkişafı xəbər verdiyi bir hədisində bunları söyləmişdir:

“Onun dövründə... ömürlər uzanacaqdır”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 43)

Peyğəmbərimizin (s.ə.v) verdiyi bu xəbərin üstündən 14 əsr keçmişdir. Araşdırmalar ötən bu dövrlər arasında ortalama yaş həddinin digər bütün dövrlərdən çox olduğunu açıq-aydın ortaya qoyur.

Hətta XX əsrin ortaları ilə axırları arasında da böyük fərqlər var. Məsələn, 1995-ci ildə anadan olmuş bir uşağın 1900-cü illərdə anadan olan başqa bir uşağa görə təxminən 35 il daha uzun yaşayacağı təxmin edilir.21 Bu mövzudakı başqa mühüm bir misal da keçmişdə 100 ildən artıq yaşayan insanların çox nadir hallarda, günümüzdə isə çox olmasıdır.

BMT-nin Əhali Departamentinin mənbələrinə görə, son bir neçə ildə dünya əhalisi yüksək ölüm nisbətlərindən aşağı ölüm nisbətlərinə tərəf diqqətəlayiq bir keçid dövründədir. “Demoqrafik inqilab” adlandırılan bu inkişafın mərkəzində də yaşlıların say etibarı ilə və nisbətən artımı yer alır. Belə sürətli və irimiqyaslı bir inkişafın sivilizasiya tarixinin heç bir dövründə görünmədiyi də eyni mənbədə vurğulanır.

Şübhəsiz ki, həyatdakı bu artım da səbəbsiz deyil. Tibb texnologiyasının inkişafı ilə bağlı olaraq səhiyyə xidmətlərindəki inkişaf insanların belə bir nemətə qovuşmasına imkan yaradır. Bundan əlavə, genetika elmindəki inkişaf və hələ də böyük sürətlə inkişaf edən Genom (DNT) proyekti tibb sahəsində yeni bir dövrü başladır. Bu inkişaf keçmiş dövrlərdə yaşayan insanların xəyallarına da gətirə bilməyəcəyi bir ölçüdədir. Bütün bunlara əsaslanaraq bunu söyləmək mümkündür: yaşadığımız əsrin insanları yuxarıdakı hədisin xəbər verdiyi uzun və sağlam həyat standartlarını əldə etmişlər.

TƏHSİL

XX və XXI əsri keçmiş əsrlərdən ayıran mühüm bir xüsusiyyət də oxumaq və yazmaq nisbətlərində qeyd edilən inkişafdır. Keçmiş dövrlərdə oxumaq və yazmaq cəmiyyətin müəyyən bir hissəsinin sahib olduğu bir imtiyaz statusunda idi. XX əsrin sonlarına yaxınlaşanda isə başda UNESCO olmaq üzrə hökumət və təşkilatlar dünya miqyasında kampaniyalar başlatmışdı. Bu təhsil səfərbərliyi texnologiya yeniliklərinin də insanların xidmətinə verilməyə başlaması ilə birlikdə günümüzdə öz nəticələrini verir. UNESCO-nun 1997-ci ildə nəşr edilən raportuna görə, dünya əhalisinin 77,4 faizi oxuma və yazmağı bacarır.

Şübhəsiz ki, bu rəqəm geridə qalan 14 əsrdəki ən yüksək nisbətdir. Həmçinin Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verdiyi axırzaman cəmiyyətlərinin bir xüsusiyyətidir:

“Qiyamət yaxınlaşanda... oxuma və yazmağı bacaranlar çoxalar”. (“Son zamanlarla bağlı hədislər”, səh. 93; “Ramuz əl-əhadis”, 1/121)

İNŞAAT TEXNOLOGİYASI

Peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi və içində yaşadığımız dövrün inkişaf etmiş texniki səviyyəsini təsvir edən bir işarə də yüksək binaların inşa edilməsidir.

“Hündür-hündür binalar inşa edilməyənə qədər... qiyamət qopmaz”. (“Ölüm-qiyamət və diriliş”, səh. 468)

“Bu hadisələr meydana gəlməyənə qədər qiyamət qopmayacaqdır: hündür binalar tikməkdə insanlar bir-biri ilə yarışacaq”. (Buxari, “Fitən”, 25; Əhməd bin Hənbəl, “Müsnəd”, 2/313)

Memarlıq və mühəndislik tarixinə nəzər salanda görürük ki, hündür binalar XIX əsrin axırlarında tikilməyə başlamışdır. Texnologiyanın inkişaf etməsi, poladın geniş yayılması və elektrikli liftlərin istifadə edilməsi ilə göydələn adlandırılan tikililərin inşaatı da sürətlə artmışdır. Göydələnlər XX və XXI əsrin memarlığının mühüm bir hissəsi olmuş, günümüzdə də bir prestij simvolu halına gəlmişdir. Hədisdə bildirilən insanların yüksək binalar tikmək yarışı da ölkələrin daha hündür göydələnlər tikdirə bilmək üçün çox böyük bir rəqabət və yarış içinə daxil olması ilə tam şəkildə gerçəkləşmişdir.

NƏQLİYYAT TEXNOLOGİYASI

Tarix boyu xalqların zənginliyi və gücü onların malik olduğu nəqliyyat texnikaları ilə birbaşa əlaqəli olmuşdur. Təsirli nəqliyyat sistemlərini quran cəmiyyətlər inkişaf mərhələlərini gerçəkləşdirmişlər.

Peyğəmbərimiz (s.ə.v) də axırzamanın xüsusiyyətlərindən bəhs edərkən nəqliyyatın inkişaf edəcəyini belə ifadə etmişdir:

“Bu hadisələr meydana gəlməyənə qədər qiyamət qopmayacaqdır: zaman qısalacaq və vasitələrlə məsafələr azalacaq”. (Buxari, “Fitən”, 25; Əhməd bin Hənbəl, “Müsnəd”, 2/313)

Yuxarıdakı hədisin son hissəsindəki mesaj olduqca aydındır. Axırzamanda yeni nəqliyyat vasitələri ilə uzaq məsafələrin qısalacağı xəbər verilmişdir. Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və digər inkişaf etmiş nəqliyyat vasitələri ilə keçmiş dövrlərdə aylarla davam edən səyahətlər indi bir neçə saat ərzində, həm də daha etibarlı, rahat və komfortlu şəkildə həyata keçirilir. Hədisin işarəsi də bu cür həyata keçmişdir.

Günümüzün inkişaf edən texnologiya vasitələrinə Quranda bu cür işarə edilir:

“Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır”. (“Nəhl”, 16/8)

Yuxarıda qeyd etdiyimiz hədisin birinci hissəsindəki “zaman qısalacaq” ifadəsinə də bu yöndən baxmaq daha uyğundur. Aydındır ki, Peyğəmbərimiz (s.ə.v) axırzamanda işlərin başqa dövrlərə nisbətən daha tez müddətdə tamamlanacağını bu cür ifadə etmişdir. Həqiqətən də elmin inkişaf etməsi hər işin daha qısa müddət ərzində tamamlanacağına və çox daha mükəmməl nəticələr əldə edilməsinə imkan yaradır. Buna oxşar başqa bir hədis də bu fikrimizi təsdiq edir:

“Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da alovu yandıracaq qədər az bir zaman olmayana qədər qiyamət qopmaz”. (“Son zamanlarla bağlı hədislər”, səh. 95)

Məsələn, əsrlərdən əvvəl qitələr arasındakı xəbərləşmələr hazırda internet və nəqliyyat vasitələri ilə saniyələr içində tamamlanacaqdır. Keçmiş dövrlərin karvanları ilə aylarla davam edən səyahətlər nəticəsində əldə edilən şeyləri günümüzdə bir anda təmin etmək mümkündür. Çox deyil, daha bir neçə əsr əvvəl bircə ədəd kitabın yazılması üçün lazım olan müddət ərzində bu gün milyardlarla kitablar nəşr edilir. Təmizlik, yemək bişirmək, uşağa baxmaq kimi gündəlik işlər möcüzəvi texnoloji alətlərin yardımı ilə artıq çox vaxt aparmır. Bu misallar daha da çoxala bilər. Əlbəttə, burada üstündə dayanmaq lazım olan məsələ Peyğəmbərimizin (s.ə.v) VII əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin günümüzdə eyni ilə gerçəkləşməsidir.

Hədislərdə bildirilən başqa bir əlamət olan axırzamanda ticarətin yayılması (“Ölüm-qiyamət və diriliş”, səh. 473) da nəqliyyatdakı, kommunikasiyadakı inkişafa paralel olaraq tam mənası ilə həyata keçmişdir. İnkişaf etmiş kommunikasiya vasitələri dünyadakı bütün ölkələrin öz aralarında böyük ticarət əlaqələri təşkil etməsi üçün lazımi şəraiti daha sürətləndirmişdir.

XƏBƏRLƏŞMƏ TEXNOLOGİYASI

Peyğəmbərimizin (s.ə.v) verdiyi xəbərlər arasında diqqəti çox çəkən bir məlumat da günümüzün xəbər ötürmək texnologiyalarına işarə edən hədislərdir. Möcüzə xüsusiyyətinə malik olan bu xəbərlərdən biri bu cürdür:

“İnsana qamçısının ucu danışmayana qədər... qiyamət qopmaz”. (“Ölüm-qiyamət və diriliş”, səh. 471)

Bu hədis diqqətlə incələnəndə içində gizlənən həqiqətlər başa düşülə bilər. Bilindiyi kimi, qamçı qədim dövrlərdə xüsusilə at, dəvə kimi minik heyvanlarına minərkən geniş istifadə olunan bir vasitədir. Hədisə diqqətlə baxanda Peyğəmbərimizin (s.ə.v) bir təşbehdən istifadə etdiyi ortaya çıxır. Günümüzdə yaşayan insanlara belə bir sual hazırlayaq: “Qamçıya oxşada biləcəyimiz və danışan nəsnə nədir?”

Bu sualın ən məntiqli cavabı ratsiya, mobil telefon və ya buna oxşar alətlər olacaqdır. Cib telefonu və ya peyk telefonu kimi simsiz (kabelsiz) danışıq alətlərinin çox az bir keçmişinin olduğunu nəzər alsaq, Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl verdiyi təsvirin də nə qədər hikmətli olması aydın olacaqdır.

Qiyamətdən əvvəlki dövrün bir hissəsində olduğumuza dair bir xəbər də beləliklə təcəlla etmişdir.

Peyğəmbərimizə (s.ə.v) aid başqa bir rəvayətdə də xəbərləşmə texnologiyasının inkişaf edəcəyinə belə işarə edilir:

“İnsana (öz) səsi danışmayana qədər... qiyamət qopmaz”. (“Ölüm-qiyamət və diriliş”, səh. 471)

Hədisdəki mesaj çox aydındır: insanın öz səsini eşitməyinin axırzamanın bir xüsusiyyəti olduğu bildirilir. Şübhəsiz ki, insan öz səsini eşidə bilməsi üçün xüsusilə səsini qeyd etməli və sonra da qulaq asmalıdır. Səsin qeyd edilməsi və reproduksiya texnologiyası da XX əsrin istehsalıdır. Bu inkişaf elmdə bir dönüş mərhələsi olmuş, xəbərləşmə və kütləvi informasiya vasitələrinin təşəkkülünə səbəb olmuşdur. Səsin qeyd edilməsi xüsusilə də kompyuter və lazer texnologiyalarındakı son inkişafla mükəmməl səviyyəyə çatmışdır.

Qısası, günümüzün elektrik alətləri, mikrofonları və səsucaldan cihazlar səsin qeyd edilməsinə və onun başqaları tərəfindən eşidilməsinə imkan yaradır və bizə yuxarıdakı hədisin verdiyi xəbərin ortaya çıxdığını göstərir.

Axırzamanı təsvir edən hədislərdəki xəbərləşmə texnologiyasına işarə edən xəbərlər yuxarıdakılarla məhdudlaşmır. Mövzu ilə bağlı digər hədislərdə də olduqca böyük marağa səbəb olan işarələr var:

“O günün əlaməti: səmadan (göy üzündən) bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 53)

“O günün əlaməti səmada (göy üzündə) uzadılmış və insanların ona baxıb dayandığı bir əldir”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 69)

Yuxarıdakı hədislərdə bildirilən “əl”in bir məcazi mənasının olması aydın məsələdir. İnsanların baxanda görə biləcəyi bir nəsnənin keçmiş dövrlərdə elə də bir mənası olmamışdır. Ancaq bu günün dünyasının bir hissəsi olan televizor, kamera və kompyuter kimi cihazlar hədislərdə tərif edilən hadisəyə tam aydınlıq gətirir. Yəni hədisdə qeyd edilən “əl” ifadəsi “güc” mənasında işlədilmişdir. Göydən də dalğalar halında gələn görüntülərə, yəni televizora işarə edildiyi aydın olur.

Mövzu ilə bağlı digər rəvayətlər də çox maraqlıdır:

“Səmadan (göy üzündən) bir səs onu adı ilə çağıracaq və şərqdə, qərbdə... olan da bu səsi eşidəcəkdir...” (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 54-55)

“Bu səs bütün yer üzünə yayılacaqdır. Hər xalq öz dilindən eşidəcəkdir”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 51)

“Səmadan (göy üzündən) bir səs gələcək ki, hamı bunu öz dilində eşidəcəkdir”. (“Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər”, səh. 37)

Bu hədislər bütün yer üzündə eşidiləcək və hər xalqın öz dillərində eşidəcəkləri bir səsdən bəhs edir. Bununla isə radio, televizor və buna oxşar xəbərləşmə vasitələrinə işarə edildiyi aşkar məsələdir. Hələ yüz il əvvəl insanların təsəvvür edə bilmədiyi bir inkişafı Peyğəmbərimizin (s.ə.v) 1400 il əvvəl xəbər verməsi də bir möcüzədir.

Bədiüzzaman Səid Nursi də bəhs edilən hədisləri izah etmiş, onların radio, telefon kimi xəbərləşmə cihazlarını möcüzəli şəkildə xəbər verdiyini bildirmişdir.

Video görüntülü telefonlar, televizorlar, peyk və internet texnologiyaları kimi inkişaflar haqqındakı hədislərdən digəri isə belədir:

“Hz. Mehdi dövründə şərqdəki bir müsəlman qərbdəki müsəlman qardaşını görə biləcək, qərbdəki isə şərqdəkini görəcək”. (Bixarül-ənvar, cild 52, səh. 391)

“İşlər əhlinə (hz. Mehdiyə) əmanət edildiyində uca Allah onun üçün dünyanın ən alçaq yerini yüksəldəcək, ən yüksək yerləri də alçaldacaq. Belə ki, bütün dünyanı ovcunun içini gördüyü kimi görəcək. Sizdən kim ovcunda saç teli olsa onu görməz?” (Bixarül-ənvar, 5-ci cild, səh. 328)

Hədisdə axırzamanda yaşanacaq texnoloji inkişafa və görüntü köçürmə sistemlərinə diqqət çəkilmişdir. Video görüntülü telefonlar, televizorlar, peyk və digər xəbərləşmə sistemləri vasitəsilə insanlar artıq dünyanın hər hansı bir yerində olan dostları ilə rahat şəkildə görüşə bilirlər. Peyğəmbərimiz (s.ə.v) bu texnoloji inkişafı 1400 il öncə bizlərə xəbər vermişdir.

Bu dövrdə idarəçi mövqedə olan şəxslər xəbərləşməni və bilmədikləri mövzuları araşdırıb öyrənməyi əllərindəki ovuc içi kompyuterlər və kompyuterli telefonlarla reallaşdıracaqlar:

“İmam Cəfəri-Sadiqin (ə.s) oğlu Muhəmmədin nəqlinə görə, İmam əleyhissəlam belə buyurdu: “Qaim (ə.s) (hz. Mehdi) qiyam etdiyində hər ölkəyə bir səfir göndərəcək və hər bir səfirə belə buyuracaq: “Sənin əhdin əlindədir. Anlamadığın bir durumla qarşılaşsan və ya hökm etməkdə çətinlik çəksən, əlində yazılana əməl et...” (Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 381)

Hədisdə hz. Mehdi (ə.s) dövründə idarəçi mövqeyində olan insanların xəbərləşmək, məlumat əldə etmək və ya bilmədikləri mövzuları araşdırıb öyrənmək məqsədilə ovuc içi kompyuterlərdən və kompyuterli telefonlardan yararlanacaqlarına diqqət verilmişdir. Bu gözəl dövrdə texnologiyanın üstün səviyyəyə çatacağı, insanların xəbərləri və öyrənmək istədikləri mövzuları əllərindəki ovuc içi kompyuterlərin, ya da kompyuterli telefonların köməyi ilə əldə edəcəkləri hədisdən aydın olur.

Yağış bombası

Müslimin Nüvvas bin Səmandan nəql etdiyi bir hədisdə belə deyilir:

“Göyə əmr edib yağış yağdıracaq...” (Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219)

Hədisdə axırzamanda istənilən vaxt yağış yağdıran üsulların inkişaf etdiriləcəyi bildirilmişdir. Belə ki, dövrümüzdə bu üsullardan istifadə edilir. Yağış bombası bu cür tətbiq olunur:

Yağış bombası çox soyuq buludlara buz kristalları səpələyib yağış və qar şəklində yağıntının təmin edilməsidir. Soyuq buludlar tez-tez görünür. Bunlar 0°C-dən, hətta -40°C-dən aşağı olan çox kiçik su damcılarından ibarətdir. Belə bir buluda buz kristallarının atılması şərtləri dəyişdirir. Kristallar suya görə daha aşağı buxar təzyiqinə sahib olduqları üçün su damcılarının buxarlanmasına səbəb olur. Daha sonra bu nəmişlik buz kristallarının üzərində sıxlaşır. Beləliklə, buz kristallarının ölçüsü kiçilərkən davamlı artır. Bu şəkildə, bulud toxumlanması yüksək səviyyələrdə buz kristallarının əmələ gəlməsi ilə təbii şəkildə meydana gəlir. Buz kristallarının buluda düşməsi və ya atmosferdəki buzlaşmış tozların olması hadisəni tamamlayır. Süni bulud toxumlanması havadan və ya yerdən edilə bilər. Təyyarədən istifadə edib buludlara qatı karbondioksid (quru buz) dənələri səpələnir. İstiliyi çox aşağı olduğu üçün bu dənəciklərdə çoxlu miqdarda buz kristalları olur.

Yağış bombası son 60 il ərzində inkişaf etdirilmiş texnologiyadır. Dövrümüzdə ABŞ, İsrail, Kanada, Rusiya, Tailand, Fas, Avstraliya kimi ölkələrin də daxil olduğu 24 ölkə daha çox yağış əldə etmək üçün bu üsuldan istifadə edir.

Süd istehsalında artım

Peyğəmbərimizin (s.ə.v) axırzamanla bağlı hədislərində dəccalın çıxış əlamətlərindən biri olduğu bildirilən hadisələrdən biri də süd istehsalında artımdır. Yaşadığımız bu dövrdə heyvandarlıq sahəsindəki əldə olunan inkişaflar hədislərdə işarə olunan bu gəlir artımına səbəb olmuşdur. (Doğrusunu Allah bilir)

Bu hədis İbnil-Münadi Əlidən rəvayət etmişdir. Müslimin Nüvvas bin Səmandan nəql etdiyi bir hədisdə belə deyilir:

“Gəlib bir çox insanları dəvət edəcək, onlar da ona inanacaqlar... Göyə əmr edib yağış yağdıracaq... Yerə əmr edib əkin bitirəcək... Heyvanlarını da artıracaq... Və onların südünü çoxaldacaq”. (Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219)

Dövrümüzdə yaxınlarda istifadə edilməyə başlanılan heyvan populyasiyasına süni toxumlama tətbiq edilməsi, embrion nəqli və heyvan keyfiyyətinin artırılması Hollandiya və Belçika başda olmaqla, bütün ölkələrdə süd istehsalında böyük artıma səbəb olmuşdur. Məsələn, Hollandiyada bir inəkdən alınan südün miqdarı orta hesabla 35 litrə çatıb. Hətta gündəlik 53 litr süd verən inəklər də vardır.

Xəzinə detektoru

Axırzamanı, dəccalın çıxışını və xüsusiyyətlərini izah edən hədisi-şərifdə də dəccalın bir binanın yanından keçərkən bu binanın altında gizli olan xəzinəni xəbər verdiyi bəhs edilir:

“(Dəccal) dağılmaqda olan xarabalığın yanından keçərkən: “Altındakı xəzinəni çıxart!” –deyə əmr edəcək, həmin an dəfinə meydana çıxacaq...” (Qiyamət əlamətləri, səh. 219)

Bildiyimiz kimi, dövrümüzdə yerin altındakı metalları müəyyən edən, dəyərli və dəyərli olmayan metalları və metal ərintilərini bir-birindən ayıran detektorlardan geniş istifadə edilir. Bu detektorlar sayəsində bir binanın, dağıntının və ya torpağın altında basdırılmış metal olub-olmadığı dərhal aydın olur. Basdırılmış qızıl, gümüş, mis, bürünc kimi metalların yerlərini asanlıqla müəyyən edilməsini təmin edən bu detektorlar mühəndislikdə, tikintidə, hərbdə tez-tez istifadə edildiyi kimi, bəzi insanlar tərəfindən xəzinə detektoru kimi də istifadə edilir.

Yuxarıdakı hədisdə xəzinə detektoru kimi bir alətin istifadəsinə işarə edilmiş ola bilər. Bu yolla, çökməkdə olan bir binanın altında xəzinə olduğu müəyyən edilmiş və bu xəzinə yer üzünə çıxarılmış ola bilər. (Doğrusunu Allah bilir)

Tral ovçuluğu

“Onun (dəccalın) heyrətləndirən işlərindən biri də budur: gündə üç dəfə dənizə girəcək. Əllərinin biri uzundur. Həmin əlini dənizin dibinə dayayacaq. Digər əli ilə istədiyi balıqları tutub çıxardacaq...” (Əbu Nuaym Hüzeyfədən (r.ə) nəql edilmişdir)

Peyğəmbərimizin (s.ə.v) hədislərində axırzamanda dəccalın dənizin dibinə uzanıb dərinliklərdəki balıqları tutub çıxaracağına işarə edilmişdir. Dövrümüzdə su məhsulları ovçuluğunda istifadə edilən tral torları hədisin işarəsinə tam olaraq uyğun gəlir (ən doğrusunu Allah bilir). Tral torları ilə ovçuluq bir çox növün eyni anda ovlandığından multi ovçuluq kimi də adlanır.

Tral toru papaq formasında böyük bir torbaya bənzəyir və ağzı təxminən 30 metr genişliyindədir. Tor atılarkən ağzını açıq tutmaq üçün hər iki yanına taxta lövhələr yerləşdirilir. Qapı deyilən bu taxta lövhələr polad məftillərlə tral qayığına bağlanır. Dənizin dibinin kələ-kötür olmadığı yerlərdə dib balıqlarını ovlamaq üçün, adətən, dib tralından istifadə edilir. Tral gəmisindən dənizə atılan tral toru gəmi ilə sürüklənir və tor dənizin dibindəki balıqları toplayır. Bu, 1,5-3 saata qədər çəkir. Sonra tor kranla yuxarı çəkilir və içindəki balıqlar gəmiyə boşaldılır. Balıqlar təmizlənib yuyulduqdan sonra, gəminin anbarında buzların arasına basdırılaraq saxlanılır. Bəzi böyük və inkişaf etmiş tral gəmilərində balıqlar təmizləndikdən sonra dondurulur. Bu cür gəmilər daha uzun müddət ov edə bilir.

Günəş ocaqlarının kəşf edilməsi

“Havada uçan quşu tutub həmin an günəşin altında qızardacaq”. (Qiyamət əlamətləri, 8-ci nəşr, türkcəyə tərcümə: Naim Ərdoğan, Pamuk nəşriyyat, səh. 216)

Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bu hədisdə dəccalın dövrü ilə bağlı ovlanan canlının olduğu yerdə dərhal bişirilib yeyilməsinə diqqət çəkilmişdir. Təsvirdəki digər xüsusiyyət isə bu hadisənin günəşli yerdə olmasıdır. Bu açıqlamada dövrümüzün texnologiyası ilə istifadə edilən günəş ocaqlarına diqqət çəkilir. (Doğrusunu Allah bilir)

Dövrümüzdə LPG, təbii qaz, elektrik, odun və kömürün yerinə alternativ olaraq istehsal edilən günəş ocaqları sayəsində günəşin altında ət məhsullarının bişirilməsi mümkündür.

Günəşdən gələn istilik, şəkildə gördüyümüz kimi, iç üzü parlaq olan plitələr sayəsində ocağa yönəlmişdir. Ocağın ortasına yerləşdirilən yemək əks etdirilən günəş şüalarından gələn yüksək temperatur sayəsində bişir. (Emily Krone, “Elburn-made solar ovens give hope to many Third World”, Daily Herald, 26 Sentyabr 2004, ss. 1, 3)

Axırzamanla əlaqəli bu təriflər dövrümüzə baxan yönləri ilə çox düşündürücüdür.

Duman buludları

“Dəccal: “Mən aləmlərin Rəbbiyəm... Bax, bu günəş mənim iznimlə seyr edir, istəyirsinizsə, onu həbs edim”, -deyəcək. “Yaxşı, həbs et görək”, -deyə söhbət olacaq. Bundan sonra, günəşi həbs edəcək, bir günü bir ay kimi, bir həftəni də bir il kimi edəcək”. (Nuaym bin Həmmad və Hakim bin Məsuddan (r.ə) rəvayət edilmişdir. Qiyamət əlamətləri, 10-cu nəşr, səh. 219-220)

Peyğəmbərimizin (s.ə.v) hədislərindən birində dəccalın günəşi həbs edəcəyinə işarə edilmişdir. Dövrümüzdə müxtəlif texniki üsullarla duman buludları əmələ gətirmək və bu buludlar vasitəsilə günəş işığını əngəlləmək mümkündür. Duman buludlarının əmələ gəlməsini təmin edən duman bombalarından 1-ci və 2-ci dünya müharibələrində istifadə edilmiş, bunun sayəsində bütün göy üzünü duman bürümüş, bu, görməni bütünlüklə əngəlləmiş və səmadakı təyyarələrin və paraşütlü əsgərlərin müəyyən edilməsinə mane olmuşdur. Bu, hədisdə işarə edilən günəşin həbs edilməsi, yəni günəşin işığının əngəllənməsi üçün istifadə edilən bir üsuldur və hədisə uyğun görünür. (Doğrusunu Allah bilir)

Ərəb torpaqlarında çayların axması

“Ərəb torpaqlarında çay və dərələr axmadıqca qiyamət qopmaz”. (Ölüm, qiyamət və diriliş, İmam Şarani, səh. 471)

Bu hədisi-şərif bu gün Ərəbistan yarımadasında xüsusilə də İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrdə suyun bolluca istifadə edilərək səhrada əkinçilik edilməsinə işarə edir.