ELÇİLƏR

Allah`ın kainatın yaradılışından günümüzə qədər mövcud olan və dəyişməyən qanunlarından əvvəlki səhifələrdə söhbət açmışdıq. Bu qanunlardan biri də elçi göndərilməyən cəmiyyətə Allah dərgahından bir əzabın gəlməməsidir. Allah`ın bu vədi aşağıdakı ayələrdə belə bildirilir:

“Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!” (“Qəsəs”, 28/59)

“...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik” (“İsra”, 17/15).

“Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmədən məhv etmədik. Öyüd-nəsihət vermək üçün göndərdik. Biz zalım deyilik!” (“Şüəra”, 26/208-209)

Ayələrdə də bildirildiyi kimi Allah hər xalqın yaşayış yerinin mərkəzinə xəbərdarlıq və öyüd-nəsihət etmək üçün öz elçilərini göndərir. Bu elçilər də insanlara Allah`ın əmrlərini çatdırır. Ancaq inkarçı cəmiyyətlər hər dövrdə onlara göndərilən elçilərə lağ edir, onları yalançı, saxtakar, dəli kimi müxtəlif böhtanlarla ittiham edir. Allah öz əxlaqsızlıqlarına və azğınlıqlarına davam edən bu xalqları heç gözləmədikləri bir anda böyük müsibətlərlə məhv etmişdir. Nuh, Lut, Ad, Səmud xalqlarının və Quranda bəhs edilən digər qövmlərin ibrətamiz şəkildə məhv edilmələri bəhs etdiyimiz müsibətlərə misaldır. Allah bizə Quranda elçilərinin göndərməsinin səbəblərini belə bildirmişdir: xalqları müjdələmək, insanlara azğın inanclarından əl çəkib Allah`ın dinini və gözəl əxlaqı yaşaması üçün bir fürsət vermək, elçilərin dəvətindən sonra insanların qiyamət günü heç bir bəhanə gətirə bilməməsi və onlara xəbərdarlıq etmək... Elçilərin göndərilməyinin səbəbini Allah bir ayədə belə vurğulamışdır:

“Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, insanlar üçün peyğəmbərlərdən sonra Allah`a qarşı daha heç bir bəhanə yeri qalmasın...” (“Nisa”, 4/165)

“Əhzab” surəsinin 40-cı ayəsində də xəbər verildiyi kimi, Peyğəmbərimiz (s.ə.v) sonuncu peyğəmbərdir. Hz. Muhəmməd (s.ə.v) Allah`ın Rəsulu və peyğəmbərlərin sonuncusudur (“Əhzab”, 33/40).

Başqa bir ifadə ilə desək, Allah`ın bəşərə göndərdiyi vəhylər hz. Muhəmmədlə (s.ə.v) qurtarmışdır. Buna görə də Peyğəmbərimizin (s.ə.v) təbliğ etdiyi Quranın başa salınması və xatırladılması sahəsindəki məsuliyyət qiyamətə qədər bütün müsəlmanlar üçün davam edir.